Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Akif Əlizadə: «İndi yeni virtual elmi kollektivlər yaranır»


«Bu gün bir tərəfdən qloballaşan, digər tərəfdən virtuallaşan dünyada elmin öz dinamikası və onun doğurduğu spesifik problemlər mövcuddur. İndi dünyanın müxtəlif elm kollektivləri arasında sərhədlər aradan qalxır və yeni virtual elmi kollektivlər yaranır».

"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) "Qloballaşma prosesləri və Azərbaycan elmi" mövzusunda keçirilən beynəlxalq konfransda akademiyanın prezidenti Akif Əlizadə söyləyib. Tədbirin Heydər Əliyevin 90 illik yubileyinə həsr olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdıran A.Əlizadə hazırkı dövrdə bütün dünya üzrə intellektual mülkiyyətin qorunması, plagiatlıq və piratçılıqla mübarizə, müəllif hüquqlarının qorunması, virtual və fiziki beyin axını, intellektual əmək bazarının qloballaşması və s. bu kimi problemlərin həll edilməsi faktiki olaraq yeni hüquqi yanaşmalar tələb edir:

«Konkret olaraq desək, virtual dünyada müxtəlif hüquq sistemlərinin və mədəniyyətlərin qarşılaşması prosesi baş verir. Bu qarşılaşmaların ziddiyyətə yox, harmoniyaya xidmət etməsində elmi yanaşmalar aparıcı olmalıdır".

Onu da qeyd edək ki, konfrans iki gün davam edəcək. Beynəlxalq tədbirdə Rusiya, Ukrayna, Litva, Polşa, Yunanıstan, Türkiyə, Gürcüstan və Almaniyadan olan alimlər iştirak edirlər.

SEYMUR




21/06/13    Çap et