Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

41 meqapiksellik kamera ilə təchiz edilmiş “Lumia” smartfonu təqdim edilib


"Nokia" şirkəti iyulun 11-də Nyu-York şəhərində keçirilmiş tədbirdə "Lumia 1020" smartfonunu təqdim edib. Aparatın əsas xüsusiyyəti daxili 41 meqapiksellik kameradır.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, Finlandiya şirkəti iddia edir ki, yüksək təsvir ölçülü fotomatris rəqəmli "zum"un imkanlarından daha dolğun istifadə etməyə imkan verir.
41 meqapiksellik kameranın elan edilməsinə baxmayaraq, "Lumia 1020" smartfonu 38 meqapikseldən yuxarı təsvir ölçüsündə fotoşəkil çəkə bilmir. Smartfonda "iki" rejim mövcuddur: kamera fotoşəkli iki variantda (38 və 5 meqapiksel) saxlayır.

Yeni smartfon imkanlarına görə "Nokia"nın digər "lider"lərindən (Lumia 920 və Lumia 925) bir o qədər fərqlənmir. O, ikinüvəli prosessor, 2 QB əməli yaddaş, 32 QB daxili yaddaş və 1280x768 nöqtədə təsvir ölçülü 4.5 düymlük "AMOLED" ekranla təchiz edilib. Aparatda "microSD" kartları üçün konnektor nəzərdə tutulmayıb.

ABŞ-da "Lumia 1020" smartfonu iyulun 26-da satışa çıxarılacaq. O, ağ, qara və sarı rəngli korpuslarda satılacaq.

Xatırladaq ki, 2012-ci ildə "Nokia" şirkəti "Symbian" əməliyyat sistemi ilə işləyən və 41 meqapiksellik fotomatrislə təchiz edilmiş "Nokia 808 PureView" aparatını istehsal etmişdi. "Lumia 1020" smartfonu "Windows Phone 8" platforması ilə işləyir.

Emil Hüseynov







12/07/13    Çap et