Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ən populyar brauzer hansıdır?


2013-cü ilin iyul ayının yekunu üzrə brauzer bazarını araşdırmış “Net Applications” şirkətinin analitiklərinin məlumatına görə, “Chrome” ən sürətlə inkişaf edən brauzer olsa da, lakin populyarlıq üzrə “Internet Explorer” (IE) brauzerindən geri qalır.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, bir ay ərzində “IE”-nin payı 0.46% artaraq 55,61% olub. Müvafiq dövrdə “Firefox” brauzerinin payı 0,86% azalaraq 18,29% olub və o, ikinci yerdə qərarlaşıb. Qeyd edək ki, 5 ildən çox müddət ərzində “Mozilla” şirkətinin məhsulunda bu qədər aşağı nəticə qeydə alınmayıb.

“Chrome” brauzerinin payı 0,59% (bu, rəqiblər arasında ən böyük artım göstəricisi olub) artaraq 17,76% təşkil edib. Dinamikaya əsasən qeyd etmək olar ki, “Chrome”-un bazar payı yaxın aylarda “Firefox” brauzerini ötəcək.

Norveçin “Opera Software” brauzerinin populyarlığı azalmağa davam edir: iyul ayında onun bazar payı azalaraq 1,49% olub ki, bu da ona ən populyar brauzerlərin siyahısında yalnız beşinci yerdə qərarlaşmağa imkan verib.

“Net Applications” analitik şirkəti 40 mindən çox saytı izləyən 160 milyondan çox istifadəçinin fəallığına nəzarət edir. İnternet mühitini araşdıran başqa tədqiqat firmaları bir qayda olaraq, unikal istifadəçilərin sayını deyil, səhifələrə baxış sayını əsas götürürlər. “StatCounter” xidmətini buna nümunə kimi göstərmək olar.
Onun hesablamalarına görə, “Chrome” ən populyar brauzerdir və onun bazar payı 43,12% təşkil edir.

Emil Hüseynov




03/08/13    Çap et