Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“LG Electronics” şirkəti “G2” smartfonunu təqdim edib



“LG Electronics” şirkəti yeni “G2” smartfonunu təqdim edib. Aparat  dördnüvəli “Qualcomm Snapdragon 800” mikroprosessoru, 5,2 düymlük “Full HD” təsvir ölçülü ekranla təchiz edilib, bundan başqa sözügedən cihaz “LTE-Advanced” rabitə standartını dəstəkləyir, lakin bu standart hələ ki yalnız Cənubi Koreyada kommersiya rejimində işləyir.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, işəsalma və gurluq düymələri telefonun arxa panelində yerləşdirilib. Şirkətdən verilmiş məlumata görə, keçirilmiş sınaqların yekununa əsasən, smartfonun arxa paneli düymələrin yerləşdirilməsi üçün heç də pis yer deyil.
"G2 smartfonunun əsas yeniliyi onun dizaynıdır. Müşahidələrimizə əsasən, düymələrin arxa paneldə yerləşdirilməsi şəbəkə və KİV-də çox müzakirə olunub" – “LG Electronics Mobile Communications”un baş direktoru Yon Sok Pak deyib. "Şübhəsiz, sözügedən yanaşma tipik deyil, lakin biz əminik ki, istifadəçilər sözügedən həlli qiymətləndirəcək" – o deyib.

Gurluğun azaldılmasına xidmət edən düymənin sıxılaraq saxlanması smartfonun kamerasını işə salır, əks halda isə “QuickMemo” bloknotu aktiv  olur.

Qeyd edək ki, “LG Electronics” şirkəti hazırda “Samsung” ilə çox çətinliklə rəqabət aparır, lakin son rübdə “LG” şirkətində canlanma əlamətləri qeydə alınıb və istifadəçilər getdikcə onun cihazları ilə daha çox maraqlanmağa başlayıblar. “IDC” analitik şirkətinin son məlumatlarına əsasən, “LG” şirkəti bu ilin ikinci rübündə 12 milyon aparat satıb və onun bazar payı 6,5% təşkil edir. Xatırladaq ki, “Samsung” şirkətində sözügedən göstərici 39%-dir.

Emil Hüseynov




12/08/13    Çap et