Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan prezidentinə “ASAN imza” sertifikatı və Sim kartı təqdim edilib



Bu gün Azərbaycan prezidenti İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

Tədbir çərçivəsində Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Bakının Yasamal, Səbail və Qaradağ rayonlarının əhalisinə xidmət göstərəcək mərkəzdə vətəndaşların qəbulu elektron növbə əsasında həyata keçiriləcəyini bildirib. Bunun üçün ən müasir avadanlıq quraşdırılıb.

Mərkəzdə ilk dəfə olaraq elektron şikayət köşkü və elektron rəy sorğusu xidmətləri göstəriləcək. Elektron şikayət köşkündə “Skype” vasitəsilə vətəndaşların online qəbulu keçirilərək onların şikayətlərinə operativ şəkildə baxılacaq. Elektron rəy sorğusu vasitəsilə isə gündəlik vətəndaş məmnunluğunun səviyyəsi müəyyən ediləcək. Mərkəz daim internetə açıq olan kompyuterlərlə təchiz edilib. Burada vətəndaşların bütün növ elektron xidmətlərdən yararlanmaları üçün şərait yaradılıb. Mərkəzdə əlillər üçün də hər cür imkan vardır. Gözdən əlillərin sərbəst hərəkəti üçün isə döşəməyə xüsusi örtüklər vurulub, lövhələr onların oxuya bildiyi müvafiq hərflərlə hazırlanıb.


“ASAN xidmət” mərkəzində vətəndaşların gözləyərkən vaxtlarını səmərəli keçirmələri üçün funksional-yardımçı xidmətlər - bank, sığorta, hüquqi yardım və tərcümə mərkəzləri, laboratoriya, tibbi xidmət, internet-kafe, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir. Mərkəzdə yerləşdirilən xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərin haqqının, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkün olacaq. “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlər göstərməsində vətəndaşların razı salınmasının, şəffaflığın təmin edilməsinin, korrupsiya hallarının istisna olunmasının, müasir texnologiyaların, “bir qapı” prinsipinin tətbiqinin, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır.
 
Azərbaycan prezidentinə “ASAN imza” sertifikatı və “ASAN imza” Sim kartı təqdim edilib. Dövlətimizin başçısı mərkəzdə yaradılmış şəraitdən razılığını bildirib, müvafiq tapşırıq və tövsiyələr verib.




17/09/13    Çap et