Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” Fransa KİV-ə yardım üçün 60 milyon avroluq fond açıb


"Google" internet şirkəti Fransa KİV-ə yardım məqsədilə 60 milyon avro dəyərində fond açıb.
"Google" şirkəti və Siyasi və Ümumi İnformasiya Assosiasiyası (AIPG) tərəfindən idarə olunan fond 3 il fəaliyyət göstərərək Fransa KİV-ə hər il 20 milyon avro ayıracaq. Fondu idarə edən orqana "Liberation" qəzetinin rəqəmli inkişafı ilə məşğul olan Lüdviq Bleş rəhbərlik edəcək.  

"Google" tərəfindən ayrılan vəsaitlərin internetdə medianın inkişafına xərclənməsi nəzərdə tutulur. Siyasi və ya ümumi xəbərləri dərc edən saytlar və innovasiyalı layihə işə salmaq istəyənlər qrant almaq üçün müraciət edə bilərlər. İnternet nəhəngi layihənin ümumi dəyərinin 60 faizini ödəyəcək, həmçinin hər qrant üçün ən yuxarı məbləğ 2 milyon avro müəyyənləşdirilib.  

Qeyd edək ki, "Google" media fondunu Fransa nəşrləri ilə yaranan mübahisə zamanı təsis edib. Belə ki, "Google News" servisi tərəfindən xəbərlərin indeksləşdirilməsinə görə Fransa KİV-i dəfələrlə axtarış sisteminə irad bildirərək öz hüquqlarının pozulmasını bildiriblər. Fransa hökuməti "Google"u hər dəfə Fransa nəşrləri xəbərlərinin istifadəsinə görə ödəniş etməyə məcbur edən qanun qəbul etməyi təklif edib. Buna cavab olaraq "Google" ümumiyyətlə Fransa KİV-i indeksləşmə etməyəcəyi ilə bağlı qorxudub, lakin 2013-cü ilin əvvəlində tərəflər ümumi razılığa gəlməyə nail olublar, - "Lenta – www.lenta.ru"  yazır. 




20/09/13    Çap et