Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İtaliya şirkətləri Azərbaycanın telekommunikasiya sektoruna investisiya qoymağa maraq göstərirlər


Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İtaliya Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Ciampaolo Kutillo ilə görüşüb. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından söz açan nazir Əli Abbasov əlaqələrimizin daha da genişləndiriləcəyinə və bu münasibətlərin səmimi dostluq müstəvisində davam etdiriləcəyinə əminliyini bildirib.

Səfir Azərbaycan prezidentinin "Qara qızılı insan qızılına çevirək" tezisi əsasında ölkəmizdə İKT sahəsində əldə edilmiş uğurlarla qısa müddətdə yaxından tanış olduğunu vurğulayaraq, əldə olunan nailiyyətləri yüksək dəyərləndirib. İtaliya şirkətləri üçün Azərbaycan bazarının cəlbedici olduğunu da vurğulayan G.Kutillo xüsusən də İT şirkətlərinin ölkəmizin telekommunikasiya sektoruna investisiya qoymaqda maraqlı olduqlarını  nəzərə çatdıraraq, ölkəmizdə bu sahədə prioritet sayılan layihələrlə maraqlanıb.

Nazir də öz növbəsində qeyd edib ki, Avropa Birliyinə üzv olan ölkələrdən biri və Azərbaycanın əsas iqtisadi tərəfdaşı kimi İtaliya ölkəmizin iqtisadiyyatında mühüm rol oynayır. Bu baxımdan, İtaliyanın İT şirkətlərinin Azərbaycan bazarında iştirakı, bu bazara sərmayə qoyuluşlarının artırılması arzuolunandır.

"Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında şəbəkə təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş"ini xatırladan C.Kutillo sazişdən irəli gələn istiqamətlər üzrə səmərəli əməkdaşlığın, həmçinin Azərbaycanla müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinin önəmini qeyd edərək, diplomatik fəaliyyəti dövründə bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirib.




25/09/13    Çap et