Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Diplom ala bilməyən ali məktəb məzunlarının müsabiqədə iştirakı üçün elektron qeydiyyat proseduru açıqlanıb



Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət qulluğuna qəbula dair bu gün elan edilmiş müsabiqədə iştirakla bağlı daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, bu il ali təhsil müəssisələrini uğurla bitirən, lakin müəyyən səbəblərə görə diplomlarını ala bilməyən vətəndaşların müsabiqədə iştirakının təmin edilməsi barədə qərar qəbul edilib.

"ICTnews" elektron xəbər xidmətinə DQMK-dan verilən məlumata görə, bu vətəndaşlar komissiyanın internet saytının "Onlayn müraciət forması" bölməsindən istifadə edərək elektron müraciət formasını doldurarkən "ali təhsil" bölməsinin "2013-cü ilin məzunuyam" hissəsini aktiv etməli və "Yadda saxla" düyməsini sıxmalıdırlar (Həmin səhifədə "Göndər" düyməsini sıxmaq lazım deyil!). Kağız daşıyıcılar vasitəsilə müraciət edən vətəndaşlar isə müraciət formasının diplom məlumatlarına dair bölməsini boş saxlamalıdırlar.

Bu vətəndaşların müraciətləri komissiyanın sorğusu əsasında Azərbaycan Təhsil Nazirliyi tərəfindən yoxlanılacaq. Yoxlama nəticəsində 2013-cü ildə ali təhsil müəssisələrini uğurla bitirdikləri təsdiq olunan vətəndaşların namizədlikləri qeydə alınacaq və bu barədə həmin şəxslərin qeydə alınmış elektron poçt ünvanlarına bildirişlər göndəriləcək.

CAHANGİR




04/10/13    Çap et