Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Araz Əzimov: “Kibertəhlükəsizliklə bağlı beynəlxalq qanun və prinsiplərin formalaşdırılması gündəmdə olan bir nömrəli beynəlxalq məsələdir”



 
İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı bütünlükdə müsbət elementdir, eyni zamanda bəzi neqativ məsələlərə də yol açır. Bu fikri xarici işlər nazirinin müavini Araz Əzimov BMT Təhlükəsizlik Şurasının “Kibertəhlükəsizlik” mövzusunda Bakıda keçirilən Model Konfransının açılış mərasimində çıxışında  bildirib.
 
 Nazir müavini qeyd edib ki, bu gün Azərbaycan  telekommunikasiya sahəsində qlobal, regional layihələrin təşəbbüskarı kimi çıxış edir:
 
 “Amma eyni zamanda qlobal informasiya cəmiyyətinin digər üzvləri kimi, biz də özümüzü “zəif” hiss edirik. Təəssüf ki, kibertəhlükəsizlik məsələsi BMT Assambleyasında hələ əsas mövzu kimi  gündəliyə daxil edilməyib.
 
 Hesab edirəm ki, BMT Təhlükəsizlik Şurasının “Kibertəhlükəsizlik” mövzusunda Bakıda keçirilən Model Konfransı bizə çox böyük dəstək verəcək və BMT gündəmdə olan digər əsas beynəlxalq məsələlərdə də olduğu kimi, bu konfransı də nəzərə alaraq, bir çərçivə sənədi yaradacaq. Bəlkə də BMT Təhlükəsizlik Şurası çərçivəsində Açıq İşçi Qrup yaradılacaq. Əminəm ki, BMT hansısa çevik çərçivə mexanizmi modellərindən istifadə edərək, belə həssas mövzuları beynəlxalq məsləhətləşmələr vasitəsilə müzakirə etmək üçün kibertəhlükəsizliyi BMT-nin siyasətinə daxil edəcək”.
 
 
Nazir müavini kibertəhlükəsizliklə bağlı beynəlxalq qanun və prinsiplərin indiyə qədər tam formalaşdırılmadığını bildirib: “Bu, gündəmdə olan bir nömrəli beynəlxalq məsələdir. İnformasiya-kommunikasiya texnologiyaları artıq sərhədlər tanımır, bu sahə durmadan inkişaf edir. Bu prosesə hökumətlər, özəl qurumlar, cəmiyyət cəlb olunur. Biz hələ də təriflər üzərində işləyərkən, bəzi ölkələr bunu kibertəhlükəsizlik, bəziləri informasiya təhlükəsizliyi kimi qeyd edirlər, yəni bu iki termin arasında ideoloji fərqlər var”.
 
A.Əzimov əlavə edib ki, ölkələr beynəlxalq qanunların əsas prinsiplərinə hörmət etməlidirlər: “İKT onlara da tətbiq olunmalıdır. Məsələn, ölkələrin suverenlik və müstəqillik prinsipləri virtual dünyada  da qorunmalıdır. Dövlətlərin kiberfəaliyyətlərində bunlara riayət edilməlidir. Özəl və dövlət münasibətlərində “WikiLeaks”, Edvard Snouden və digər adlar hazırda çox məşhurdur. Özəl həyata müdaxilələrin qarşısını almaq üçün xüsusi xidmətlər getdikcə daha çox təşəbbüslər irəli sürür. Özəl və dövlət təhlükəsizliyi sahəsində təhlükəli tendensiyalar baş verir. Özəl və dövlət təhlükəsizliyi hər biri ayrı-ayrılıqda nəzərə alınmalıdır”.
 
Bu baxımdan, kibertəhlükəsizlik məsələsinin də diqqətlə nəzərdən keçirilməsini vacib sayan nazir müavininin sözlərinə görə, Azərbaycan beynəlxalq əməkdaşlıqda yaxından iştirak edir. Belə ki, Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova hal-hazırda unikal bir təcrübəni reallaşdırırlar:
 
“Belə bir təcrübənin sübutudur ki, hüquq-mühafizə orqanları müxtəlif transmilli səviyyəli cinayətlərə qarşı mübarizəni virtual şəbəkə vasitəsilə həll edirlər. Əməliyyatları birgə planlaşdırır, məlumat mübadiləsi həyata keçirirlər. Fikrimcə, bu ideyaya beynəlxalq miqyasda ölkələr çox yüksək dəstək verərdi, amma əməkdaşlıq etməkdən, informasiya mübadiləsindən çəkinə bilərlər. Başqa bir mövzu olan informasiya mübadiləsi həssas bir məsələdir və ölkələr burada daha məsuliyyətli olmalıdırlar. Bu məsələlər həmişə gündəmdə dayanmalıdır”. Kibertəhlükəsizlikdə terrorizm məsələsinə də diqqətin artırılmasının vacibliyindən danışan A.Əzimovun sözlərinə görə, İKT əlcatanlığının genişlənməsi və İKT-dən istifadənin asanlaşması terror aktlarına da təsir edir:
 
 “Terroristlərin, məsələn, “Əl-Qaidə” terror təşkilatının da İKT imkanlarından istifadə etməsi hamıya məlum olan faktlardır. Terrorist təhdidləri, transmilli cinayətlər, kibermüharibələr – bunların hamısı neqativ hallardır. Ona görə də İKT-nin müsbət təsir amilləri ilə yanaşı, yaratdığı belə neqativ vəziyyətlərə qarşı Azərbaycan da daxil olmaqla, beynəlxalq aləmdə artıq yeni mübarizə tədbirləri, təşəbbüslərin irəli sürülməsinə, infrastrukturun qurulmasına cəhdlər edilir. Biz artıq kibermüharibələrdən danışırıq, amma əminəm ki, müharibələr kiber səviyyəyə keçməyəcək. Ümid edirəm ki, bütün bu məsələlər Model Konfransda dərindən müzakirə ediləcək. Eyni zamanda BMT Təhlükəsizlik Şurası tərəfindən effektiv çərçivələr nəzərə alınaraq, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi məsələlərinə daha ciddi diqqət yetiriləcək”.
 
Həqiqət İSABALAYEVA




22/10/13    Çap et