Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan elektron ədalət mühakiməsi sisteminin yaradılmasında Sinqapur təcrübəsindən yararlanacaq


Ölkə prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycanda 2013-cü ilin “İKT ili” elan edilməsi ilə əlaqədar ədliyyə və məhkəmə sistemində müasir texnologiyalardan geniş istifadə olunmaqla əhaliyə göstərilən elektron xidmətlərin dairəsi genişlənir, elektron ədalət mühakiməsinin tətbiqi sahəsində mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsinə xüsusi əhəmiyyət verilir.
 
 
Ədliyyə Nazirliyindən verilən məlumata görə, Dünya Bankı ilə birgə həyata keçirilən “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində  Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayev məhkəmə sistemində İKT-nin istifadəsində böyük nailiyyətlər əldə etmiş Sinqapurda səfərdə olublar. Nümayəndə heyətinin tərkibinə həmçinin, birgə layihənin rəhbəri, ədliyyə nazirinin müavini Azər Cəfərov, hakim, ədliyyə işçiləri və İKT üzrə ekspertlər daxil edilib.
 
 
Səfər zamanı Sinqapurun Ədliyyə Nazirliyində keçirilmiş görüşdə Azərbaycanda məhkəmə və ədliyyə sisteminin müasirləşdirilməsi, bu sahədə infrastrukturun yaxşılaşdırılması, yeni innovasiyaların və qabaqcıl İKT-nin tətbiqi üzrə görülən işlər qeyd edilib, hakimlərin Avropada örnək kimi dəyərləndirilən seçimi barədə məlumat verilib.
 
 
Həmçinin, Sinqapur Ali Məhkəməsinin sədri Sundareş Menon ilə görüş keçirilib, iki dövlət arasında olan əlaqələrin müsbət dinamikası, təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb, ədalət mühakiməsinin səmərəliliyi, elektron xidmətlərin göstərilməsi və digər məsələlər müzakirə olunub.
 
 
Səfər çərçivəsində nümayəndə heyəti Sinqapurun elektron ədalət mühakiməsi sisteminin tətbiqində yüksək nailiyyətlər qazanmış Ali Məhkəmə və birinci instansiya məhkəmələrinə baş çəkilərək onların fəaliyyəti ilə tanış olunub, müasir İKT-nin və innovativ xidmətlərin tətbiqinə dair faydalı təcrübə mübadiləsi aparılıb. Həmçinin, Azərbaycan nümayəndə heyəti üçün məhkəmələrdə İKT-nin innovativ istifadəsinə dair prezentasiya təşkil edilib. Bu yeniliklərin ölkəmizdə elektron ədalət mühakiməsi sisteminin yaradılması işində tətbiqi imkanları barədə fikir mübadiləsi aparılaraq qarşılıqlı əməkdaşlığa dair razılıq əldə olunub.
 
 
Eyni zamanda, Sinqapurun dünyada ən səmərəli antikorrupsiya fəaliyyəti ilə fərqlənən Korrupsiya hallarının istintaqı bürosunun fəaliyyəti ilə yaxından tanış olunub, bu qurumun yeni direktoru Vonq Honq Kuan ilə görüş keçirilib.
Səfər çərçivəsində Sinqapur Ali Məhkəməsinin təşkilatçılığı ilə “Hüquq sisteminə inamın artırılması üçün məhkəmə fəaliyyətinin inkişafı” mövzusunda keçirilmiş beynəlxalq konfransda da iştirak edilib.
 
CAHANGİR
 
 
 
 




07/11/13    Çap et