Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda növbəti “Azərbaycan-ABŞ İKT Forumu” keçiriləcək



 
Dekabrın 3-də Bakı Biznes Mərkəzində 19-cu "Bakutel" beynəlxalq sərgi və konfransının silsilə tədbirləri çərçivəsində "Azərbaycan-ABŞ İKT Forumu" keçiriləcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycanın ABŞ-dakı səfirliyi, ABŞ - Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə keçiriləcək forumun ilk plenar iclasının Azərbaycanın ilk telekommunikasiya peyki və kosmos sahəsi üzrə Azərbaycan-ABŞ tərəfdaşlığında gələcək imkanlar" mövzusuna həsr edilməsi nəzərdə tutulur.
 
 Belə ki, qeyri-neft və xüsusən də informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişaf planının bir  hissəsi olaraq, 2013-cü ilin əvvəlində ilk telekommunikasiya peykini orbitə buraxan Azərbaycan 2015 və 2016-cı illərdə daha iki peykin buraxılmasını planlaşdırır. Həmçinin forumun "Azərbaycanın İKT sahəsi: ticarət və investisiya imkanları", "Azərbaycan-ABŞ İKT əməkdaşlığında yeni üfüqlər: çağırışlar və imkanlar" mövzuları ətrafında plenar müzakirələrlə davam etdirilməsi nəzərdə tutulur.
 
Eyni zamanda tədbir çərçivəsində "Azərbaycanda son 10 ildə inkişaf dinamikası"na dair mini-sərgi turun təşkili də planlaşdırılır.
 
 
Qeyd edək ki, ilk "Azərbaycan-ABŞ İKT forumu" "AmCam Azərbaycan", Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və ABŞ səfirliyinin təşkilatçılığı ilə "İnternet İdarəçiliyi Forumu" və "Bakutel" İKT həftəsi çərçivəsində 2012-ci il noyabrın 7-də Bakıda keçirilib. Forumda Azərbaycan və  ABŞ arasında İnformasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.
 
Sənədi Azərbaycan tərəfindən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, ABŞ hökuməti tərəfindən Beynəlxalq Rabitə və İnformasiya Siyasəti üzrə ABŞ koordinatoru Filip Vervyer imzalayıb.
 
 
Həqiqət İSABALAYEVA




21/11/13    Çap et