Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-da təyyarələrdə mobil qurğulardan istifadə imkanı müzakirə ediləcək



ABŞ Federal Rabitə Komissiyası (FCC) təyyarə göyərtəsində mobil rabitədən istifadəyə qoyulan qadağanın ləğv edilməsi məsələsini nəzərdən keçirəcək.

Uçuş müddəti ərzində mobil şəbəkələr vasitəsilə səsli rabitə və məlumatların ötürülməsinə qoyulan məhdudiyyət 1991-ci ildən qüvvədədir. Bu, onunla izah edilir ki, mobil rabitədən istifadə hava limanlarının yerüstü dispetçer xidmətlərinin işində maneələr yarada bilər ki, bu da uçuşların təhlükəsizliyinə öz mənfi təsirini göstərə bilər.   

“FCC” qadağanın ləğv edilməsi məsələsinə 2004-cü ildə baxaraq bununla bağlı 8 mindən çox rəy alıb. Amerikalılar arasında aparılan sorğu da vətəndaşların bu məsələyə birmənalı yanaşmamasını göstərib. Belə ki, rəyi soruşulanların 51 faizi hesab edir ki, hava gəmilərinin göyərtəsində mobil rabitədən istifadəyə icazə vermək lazım deyil, çünki bunun mənfi nəticələri ola bilər. Eyni zamanda respondentlərin 47 faizi bunun əksini düşünür.

Hazırda “FCC” üzvləri mövcud qaydaları köhnəlmiş və məhdudiyyətli hesab edirlər. Komissiyanın cari ilin dekabrın 12-də keçiriləcək iclasında bu məsələyə yenidən baxılacaq.

Bununla belə, mobil rabitədən istifadəyə qadağa ləğv edilsə belə, sərnişinlər təyyarənin qalxması və enməsi, eləcə də uçuşun 3 min metrdən aşağı olması zamanı zəng etmək və məlumat mübadiləsi həyata keçirmək imkanından məhrum olacaqlar. Bundan başqa, şirkətlər hava gəmilərini tənzimləyici orqanların sertifikatlaşdırdığı xüsusi antenalar ilə təchiz etmək məcburiyyətində qalacaqlar, - “3DNews www.3dnews.ru” yazır.    




25/11/13    Çap et