Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda birincili sümük şişlərinin müalicəsində yeni texnologiyalar tətbiq edilir


Azərbaycanda birincili sümük şişlərinin müalicəsində yeni texnologiyalar tətbiq edilir. Bununla bağlı yeniliklər Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında qeyd edilib.

Akademiyadan verilən məlumata görə, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, Azərbaycan Tibb Universitetinin rektoru, Onkologiya kafedrasının müdiri, akademik Əhliman Əmiraslanov öz çıxışında bildirib ki, sümük şişləri diaqnostika və müalicə baxımından kliniki onkologiyanın mühüm və çətin sahələrindəndir. Daha çox uşaq, yeniyetmə və gənc yaşlarında təsadüf edilən bədxassəli sümük şişləri aqressiv gedişi və erkən metastaz verməsinə görə fərqlənir. Sümük şişlərinin müalicəsi prioritet məsələ kimi daim mütəxəssislərin diqqət mərkəzindədir. Bu baxımdan Azərbaycanda aparılan tədqiqatlar olduqca böyük əhəmiyyət kəsb edir.
 
Daha sonra Onkologiya kafedrasının professoru, tibb üzrə elmlər doktoru Abuzər Qazıyev “Birincili sümük şişlərinin müalicəsinə baxışı dəyişən yeni texnologiyaların kliniki praktikaya tətbiqi” mövzusunda məruzə ilə çıxış edib. Sümük şişlərinin müalicəsindən bəhs edən alim qeyd edib ki, müalicə cərrahi, şüa, kimyəvi terapiya, kombinə edilmiş və müxtəlif kompleks metodlarla aparılır. Yaxın keçmişədək bədxassəli sümük şişlərinin müalicəsinin nəticələri qeyri-qənaətbəxş olmuş, xəstələrin 5 illik yaşama göstəricisi 12-18 faiz təşkil edib.
 
Son 40 ilə yaxın bir müddətdə akademik Ə.T.Əmiraslanovun elmi rəhbərliyi və iştirakı ilə sümük sarkomalarının müalicəsi istiqamətində aparılan elmi-tədqiqat işləri bu xəstəliklərin müalicəsinə baxışı kökündən dəyişib. Osteogen sarkomanın yeni kompleks müalicə texnologiyası işlənib hazırlanıb, bu istiqamətdə əldə edilmiş uğurlar bir sıra xarici və yerli mütəxəssislər tərəfindən sümük onkologiyasında inqilabi dəyişiklik kimi xarakterizə edilib. Yüzlərlə sümük şişi olan xəstədə endoprotezləşdirilmə əməliyyatları aparılıb.
 
Rəyasət Heyəti tərəfindən aparılan elmi tədqiqatların daha da genişləndirilməsi, respublikada bu istiqamətdə yüksəkixtisaslı kadrların  hazırlanması tövsiyə edilib.
 
Həqiqət İSABALAYEVA




26/12/13    Çap et