Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Vətəndaşlar rəqəmli TV yayımına keçmək üçün nə etməlidir?


Bu il yanvarın 1-dən etibarən Azərbaycanda rəqəmsal yayımda olan xarici telekanalların ötürülməsi məhdudlaşdırılıb. Bu da ölkənin tam olaraq rəqəmsal yayıma keçməsi ilə əlaqədardır. Hazırda açıq paketlə yalnız yerli və bir də Türkiyənin TRT1 kanalı tamaşaçılara ötürülür. Eyni zamanda, hər bir vətəndaş istəyindən asılı olaraq xarici kanallara da baxa bilər. Lakin bunun üçün əlavə qurğu almalı və kabel televiziyalarından istifadə etməlidir.
 
 
Hazırda ölkə ərazisində rəqəmsal yayımla bərabər analoq yayım da davam etdirilir. Hesab olunur ki, əhali rəqəmsal yayıma keçidə tədricən alışmalıdır.
 
 
Aztəminatlı ailələrə dekoder

 
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli məsələ ilə bağlı danışarkən bildirib ki, insanların tam rəqəmsal yayıma keçid üçün dekoder, riskiver, kinerlər adlanan aparatlar alması arzulanandır. "İstəyirik ki, analoq yayım dayandırılanda hər hansısa problem ortaya çıxmasın"- deyən şura sədri söyləyib ki, dövlət yalnız yerli kanallar üçün məsuliyyət daşıyır.
 
Azərbaycanda isə ümumrespublika televiziya kanallarının sayı cəmi 10-a yaxındır və onlar pulsuz olaraq əhaliyə yayımlanır. Xarici kanalların yayımlanmasında dövlətin hər hansısa bir öhdəliyinin olmadığını önə çəkən N.Məhərrəmli deyib ki, onların yayımı ilə ancaq özəl şirkətlər, kabel televiziyaları məşğul ola bilərlər:
 
 
"2014-cü ildə tam olaraq rəqəmsal yayıma keçəcəyik. Biz əhalinin marağını nəzərə alırıq. Hesab edirik ki, bu işə tam hazırlaşmalıyıq və ondan sonra analoq yayımı dayandırmalıyıq. Çünki ölkədə kifayət qədər dekoderlər olmalıdır ki, əhali analoq yayım dayanan kimi, rəqəmsal yayımdan istifadə edə bilsin. Aztəminatlı əhaliyə dekoderlərin verilməsi ilə bağlı biz cənab prezidentə müraciət etmişik, Nazirlər Kabineti də bu məsələyə baxıb. Məsələ gündəmdədir. Ümid edirəm ki, bu məsələ yaxın gələcəkdə öz həllini tapacaq. Dekoderlərin verilməsi yalnız aztəminatlı ailələrə aiddir. Əhalinin böyük hissəsi rəqəmsal yayıma keçmək üçün indidən dekoderləri mağazalardan almalıdırlar. Əks halda, analoq yayım dayanandan sonra onlar televiziya kanallarına baxa bilməyəcəklər".
 
 
Yeli istehsal dekoderlər – 30 manat
 

 
"Kür" Elektron Avadanlıqları İstehsalı MMC-nin baş direktoru Rizvan Osmanov məsələ ilə bağlı bildirib ki, hazırda onların müəssisələrində dekoderlər var: "Bu avadanlıq ölkənin həm paytaxtında, həm də digər şəhərlərində, o cümlədən Gəncə, Goranboy, Sumqayıtda satışa çıxarılıb. Əhali bu qurğunu televizorlara quraşdırmaqla Azərbaycan Respublikasında rəsmi şəkildə yayımlanan kanallara baxa bilər. Yəni bura yerli telekanallar və Türkiyənin TRT1 kanalı daxildir. Onun qiyməti 30 manatdır".
 
 
R.Osmanov bildirib ki, lazım olduğu təqdirdə əhalini tam olaraq rəqəmli TV qəbuledicisi ilə ("setter box") təmin edə bilərlər: "Qeyd edim ki, tez-tez ölkədə aztəminatlı ailələrə dekoderlərin verilməsi ilə bağlı fikirlər səsləndirilir. Əgər belə bir qərar qəbul olunsa və o, bizə yönləndirilsə, onda tələb olunan sayda avadanlıq istehsal edə bilərik. Çünki bizim müəssisə gündəlik olaraq 140-200-ə qədər rəqəmli TV qəbuledicisini istehsal edə bilər".
 
 
Lakin R.Osmanov bildirib ki, hələlik onların istehsal etdiyi avadanlıqla xarici telekanallara  baxmaq mümkün deyil: "Yerli, yəni açıq yayımda olan kanallardan başqa, insanlar digər xarici kanallara da baxmaq istəyərsə, o zaman bunun üçün kart alıb qurğulara taxmalıdırlar. Hazırda bizim istehsal etdiyimiz avadanlıqlar kartları dəstəkləmir. Amma bu istiqamətdə də araşdırmalarımızı aparırıq. Yəqin ki, yaxın günlərdə bizim avadanlıqlarla da yerli kanallarla yanaşı, pullu paketə daxil olan kanallara da baxmaq mümkün olacaq".
 
 
"ATV PLUS" – daha çox imkanlar
 
Ölkəyə bu cür avadanlığı gətirən və satışa çıxardan şirkətlərdən biri də "ATVPLUS"-dur. Şirkətin satış şöbəsinin rəisi Mehman Məmmədxanlı bildirib ki, hazırda onlar tərəfindən 2 cür cihaz - CAM modul və ya resiverləri (tünerlər) quraşdırılır: "CAM modulda pult olmur. Bu avadanlıq çox kiçikdir və o, televizora qoşduqdan sonra  televizorun öz pultu vasitəsilə idarə olunur. Onun qiyməti 40 manatdır. Tünerlərin qiyməti isə 50 manatdır. Bu xidmət də Bakı və Bakıətrafı ərazilərdə keçərlidir".  "ATV PLUS" efir-kabel televiziyasına qoşulmaq üçün lazım olan CAM modul və ya resiverlərin evinizə çatdırılmasını və ya evinizdə quraşdırılmasını istəyirsinizsə (012) 4656238, (055) 4410000 nömrəli telefonlara zəng etməyiniz  kifayətdir".
 
 
 Qeyd edək ki,  "ATV PLUS" efir-kabel televiziyasına qoşulmaq üçün lazım olan CAM modul və ya resiverləri "ATV PLUS"  yerləşdirilmiş posterlərin asıldığı bütün satış məntəqələrindən əldə etmək mümkündür .Daha ətraflı  996 nömrəsindən və http://atvplus.az/index.php saytından məlumat almaq olar.
 
Mehman Məmmədxanlının sözlərinə görə, sözügedən avadanlıqla hətta aylıq 9 manat ödənilməsə də  belə Azərbaycanın yerli  telekanallarına baxmaq mümkündür:
 
 
 Qeyd edək ki, "ATV PLUS"  paketinə 90-a yaxın xarici telekanal daxildir. Həmin telekanallara baxmaq üçün ödənilən aylıq abunə haqqı 9 manat təşkil edir.
 
 
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə ünvanlanan suallardan biri də "NTV + Premyera"  kanalının ödənişli paketdə olması ilə bağlıdır. Şirkət nümayəndəsi bildirib ki, "NTV + Premyera"  sözügedən ödənişli paketə daxildir.  "Qeyd edilən kanal da paketdə var.  Yeri gəlmişkən qeyd edim ki, bununla bağlı əlavə sualları olan vətəndaşlar 996 qısa nömrəsinə zəng edə bilərlər".
 
 
Seymur Qasımbəyli




10/01/14    Çap et