Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

MTA gündəlik təxminən 200 milyon SMS mesaj ələ keçirib


Milli Təhlükəsizlik Agentliyi (MTA) gündəlik mobil telefonlardan 200 milyon SMS mesaj ələ keçirib. "The Guardian" qəzetinin elektron versiyası yazıb ki, xüsusi xidmət orqanı bu məlumatlar sayəsində abunəçilərin yeri, kontaktı və kredit kartları haqqında informasiya əldə edib.
 
"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, MTA-nın "Dishfire" kod adlı proqramı konkret hədəflərə xidmət edən məlumatları deyil, ələ keçirilə bilən bütün məlumatları toplayır.
 
2013-cü il iyunun əvvəlində MKİ-nin keçmiş əməkdaşı Edvard Snoudenin ifşaları ilə bağlı qalmaqal mərkəzində olub.
 
Snouden tərəfindən "Washington Post" və "Guardian" qəzetlərinə ötürülmüş birinci sənədlər iyunun 6-da dərc edilib. Bu, ABŞ hökumət təşkilatlarının internet istifadəçilərini izləməsi ilə bağlı informasiya olub.
 
Məlumatlara əsasən, MTA və Federal Təhqiqatlar Bürosu (FTB) bir neçə ildir ABŞ-ın böyük rabitə şirkətləri istifadəçilərinin zəngləri haqqında məlumatları toplayırlar. KİV-in məlumatına görə, xüsusi xidmət orqanı "PRISM" kod adlı tam məxfi proqram çərçivəsində audio və videofaylları, fotolar, elektron yazışmaları, sənədləri və istifadəçilərin bu və ya başqa saytlara qoşulması haqqında məlumatları toplayırlar.
 
Emil Hüseynov
 
 




17/01/14    Çap et