Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

E-dövlət infrastrukturuna kiberhücumların proqnozlaşdırılması metodları hazırlanacaq


İnformasiya təhlükəsizliyi və biometrik texnologiyalar sahəsində bir sıra modellərin işlənməsi nəzərdə tutulur. AMEA İnformasiya Texnologiyaları İnstitutundan (İTİ) verilən məlumata gərə, bu fikri İTİ-nin şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev rəhbərlik etdiyi şöbənin 2014-cü il üçün fəaliyyət planı ilə bağlı çıxışı zamanı səsləndirib. Onun sözlərinə görə, hazırda şöbədə informasiya təhlükəsizliyi və biometrik texnologiyalar istiqamətində 8 mövzu üzrə elmi-praktiki tədqiqatlar aparılır:
 
 
“İl ərzində bu tədqiqatlar çərçivəsində e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi üzrə bir sıra metod və modellərin işlənməsi, bu sahədə təşkilatlararası koordinasiya modelinin işlənməsi, ekstremal informasiya təhlükəsizliyi risklərinin qiymətləndirilməsi və e-dövlət infrastrukturuna kiberhücumların proqnozlaşdırılması metodlarının işlənməsi nəzərdə tutulur. Həmçinin kompüter şəbəkələrinin intellektual monitorinqi üçün metod və modellərin işlənməsi, şəbəkə təhlükəsizliyinin monitorinqi üçün intellektual sistemin işlənməsi, “bulud” texnologiyalarının informasiya təhlükəsizliyi problemləri, veb-təhlükəsizlik və milli informasiya məkanında fərdi məlumatlar seqmentinin intellektual idarəetmə sistemi üçün bir sıra modellərin işlənməsi istiqamətlərində araşdırmalar aparılacaq”.
 
 
Şöbədə 2007-ci ildən biometrik texnologiyaların müxtəlif sahələri üzrə elmi tədqiqatların aparıldığını qeyd edən Y.İmamverdiyev 2014-cü ildə də bu istiqamətdə araşdırmaların davam etdiriləcəyini vurğulayıb. Alim şöbənin elmi-innovasiya fəaliyyəti ilə bağlı çıxış edərək bildirib ki, bu il “AzScienceCERT”-in beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və beynəlxalq təşkilatlarda üzvlüyü ilə əlaqədar mühüm tədbirlər həyata keçiriləcək. Həmçinin səsə görə şəxsin tanınması sisteminin prototipinin hazırlanması, qrant layihələrinin yerinə yetirilməsi, informasiya təhlükəsizliyi üzrə biliklərin kommersiyalaşdırılması üzrə işlərin aparılması nəzərdə tutulur.
 
 
Y.İmamverdiyev 2014-cü ildə şöbə əməkdaşları tərəfindən 30-a yaxın məqalənin nüfuzlu elmi jurnallarda, o cümlədən 10-dan çox məqalənin SCİ reyestrinə daxil olan jurnallarda nəşr olunmasının qarşıya qoyulan əsas hədəflərdən olduğunu diqqətə çatdırıb. Şöbənin Cənubi Koreyanın Seul Dövlət, Yonsey və Koreya universitetləri ilə mövcud elmi əməkdaşlıq əlaqələrinin bu il də davam etdiriləcəyini vurğulayaraq, Koreya İnternet və Təhlükəsizlik Agentliyi (KISA) ilə pilot əməkdaşlıq layihəsinin həyata keçirilməsi, TERENA təşkilatının CERT üzrə təlimlərində iştirakı kimi perspektiv işlərdən söz açıb. Qeyd edib ki, istedadlı gənclərin informasiya təhlükəsizliyi sahəsində müvafiq ixtisaslara yönləndirilməsi və bu sahədə kadr potensialının gücləndirilməsi məqsədilə 2014-cü ildə hər ay “www.sciencecert.az” veb-saytında kriptoqrafiya üzrə müsabiqələrin keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, ali məktəb tələbələri arasında informasiya təhlükəsizliyi üzrə yarışların təşkil edilməsi də planlaşdırılır.
 
Həqiqət İSABALAYEVA




31/01/14    Çap et