Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponlar “Viber” messencerini satın alacaqlar


Yaponiyanın “Rakuten” internet şirkəti 900 milyon dollara “Viber” messencerini hazırlamış “Viber Media” şirkətini alacaq. Bu haqda “Rakuten” saytında dərc edilmiş press-relizdə deyilib.

“Rakuten” internet şirkəti satınalma ilə bağlı niyyətini açıqlamayıb. Şirkətin direktoru Hirosi Mikitani deyib ki, “Viber”in əla stiker mağazası var və messencer oyun platforması rolunda böyük potensiala malikdir.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Viber”də təxminən 300 milyon istifadəçi qeydiyyatdan keçib. Xidmətin aylıq auditoriyası təxminən 100 milyon insan təşkil edir. “Viber” messenceri məlumat, səs və videozənglərlə mübadilə etməyə, 2013-cü ilin dekabrından isə stasionar və mobil telefonlara zəng etməyə icazə verir.

Messencer öz işinə 2010-cu ildə başlayıb. O, həm kompüter, həm də mobil qurğularda əlçatandır. İsrailli sahibkar Talmon Marko “Viber Media” şirkətinin banisidir. Şirkətin qərargahı Kiprdə, işləmə ofisləri isə İsrail və Belorusda yerləşir.

Emil Hüseynov




14/02/14    Çap et