Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

EİM-in innovasiya texnologiyaları bazasına 17 xarici dövlətin 64 yeni texnologiyası yerləşdirilib


Respublikada fəaliyyət göstərən elmi tədqiqat və ali təhsil institutlarında bütün istiqamətlərdə mövzu planlarına uyğun aparılan elmi tədqiqat işlərinin qeydiyyatı və hesabatları AMEA-nın Elmi İnnovasiyalar Mərkəzində toplanılır. Bunun nəticəsi olaraq müvafiq məlumat bazaları hər il dinamik olaraq dəyişdirilir və aktivləşir.
 
Aktuallaşdırılan məlumat bazalarına ETTKİ aparılan təşkilatların məlumat bazası, ETTKİ məlumat bazası (1993-2013-cü illər üzrə); elmi tədqiqat işlərində iştirak edən elmi kadrların məlumat bazası; elmi mövzuların axtarışını təmin edən açar sözlərinin bazası – tezaurus, innovasiya texnologiyalarının bazası, müdafiə olunmuş dissertasiya avtoreferatlarının bazası (2005-2013-cü illər üzrə); Azərbaycan elmi sitat indeksi biblioqrafik bazası daxildir.
 
Mərkəzdən verilən məlumata görə, bu işlərdən əlavə EİM-in innovasiya texnologiyaları bazasına 17 xarici dövlətin 64 yeni texnologiyası da yerləşdirilib. Xarici transfer bazalarına gəlincə, buraya Beynəlxalq Elmi Texniki İnformasiya Mərkəzinin “Analitik material: elm, texnika və biznes” və “Milli resurslar, məhsul və xidmətlər” məlumat bazaları, Belarus Texnologiyaların Transferi Mərkəzinin məlumat bazaları, Ukrayna Elmi-texniki və İqtisadi İnformasiya İnstitutunun texnologiyalar transferi məlumat bazaları daxildir.
 
Adları çəkilən bazalara EİM-in yerli texnologiyaları daxil edilir və onların bazalarında olan yeni texnologiyalar EİM-ə transfer edilir. Beynəlxalq əlaqələrin qurulması işlərini 2013-cü ildə də davam etdirən EİM 12 xarici (2 Rusiya, Makedoniya, Belarus, 4 Ukrayna, Qazaxıstan, 2 Avropa Birliyi) təşkilatla qarşılıqlı əməkdaşlıq haqqında müqavilə bağlayıb. Müqavilə bağlanan təşkilatlar sırasında REA Ümumrusiya Elmi və Texniki İnformasiya İnstitutu, Rusiya Dövlət Ticarət-İqtisadiyyat Universitetinin Samara İnstitutu, Cənub-Şərqi Avropa Universiteti (SEEU) (Makedoniya), Belarus Elmi-Texniki Sahənin Sistem Təhlili və İnformasiya Təminatı İnstitutu (BeliSa), Milli Aviasiya Universiteti (Ukrayna), Odessa Hüquq Akademiyasının Əqli Mülkiyyət İnstitutu, Ukrayna İqtisadi İnkişaf və Ticarət Nazirliyinin Elmi Tədqiqat İqtisadiyyat İnstitutu, Ukrayna Elmi-Texniki və İqtisadiyyat İnstitutu, Qazaxıstan Respublikasının Milli Elmi-Texniki İnformasiya Mərkəzi var. İki beynəlxalq təşkilatın, o cümlədən “EAİ – Europen Aliance for İnnovation” və Beynəlxalq Elmi-Texniki İnformasiya Mərkəzinin üzvü olan EİM respublikada  innovasiya sahəsində “informasiyanın təhlili” və “innovasiya fəaliyyətinin idarə edilməsi” ixtisasları üzrə mütəxəssislərin hazırlanması ilə də məşğuldur. Cari ildə 3 nəfər magistraturanı bitirib, 6 nəfər magistraturanın I kursunda, 3 nəfər isə II kursda oxuyur. “Müasir şəraitdə informasiya-analitik fəaliyyətinin təşkili” üzrə ixtisasartırma kursları da fəaliyyət göstərir ki, cari ildə 10 nəfər bu kursları bitirmiş və Ukraynanın Əqli Mülkiyyət İnstitutunun diplomuna layiq görülüb.
 
 
 
Həqiqət İSABALAYEVA




21/02/14    Çap et