Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Milyondan artıq çanaq antenası “Azerspace-1” peykinə tuşlanıb


Azərbaycanın milli telekommunikasiya peyki orbitə çıxarılmamışdan əvvəl ölkə əhalisinin bir qismi çanaq antenalarını Türkiyə, Rusiya və eləcə də Avropa ölkələrinin peyklərinə tuşlayaraq onların yayımladığı telekanallara baxırdılar. Amma 2013-cü ildə ilk telekommunikasiya peykimiz fəaliyyətə başladıqdan sonra bu sahədəki vəziyyət müsbətə doğru dəyişməkdədir.
 
 
“Azərspace”də yayımlanan kanalların sayının günü-gündən çoxalması və yayımın keyfiyyətli şəkildə əhaliyə çatdırılması ona olan marağı artırıb. Elə bu səbəbdəndir ki, hazırda əhali çanaq antenalarını əvvəllər tuşladıqları istiqamətlərdən ayıraraq milli peykimizə doğru yönəltməkdədir.
 
 
“Bəs telekommunikasiya peykinə tuşlanan çanaq antenalarının sayını müəyyənləşdirmək mümkündürmü?” "ICTnews" elektron xəbər xidməti bu suallarla  "Azərkosmos" ASC-yə müraciət edib. "Azərkosmos"dan bildirilib ki, belə bir monitorinq aparmaq nəzəri cəhətdən mümkündür, lakin bu, kabel operatorlarının və ya “DTH (Direct-to-Home)” operatorların təşəbbüsü ilə olmalıdır:
 
“Hər hansı bir peykin populyarlıq səviyyəsinin ölçülməsi məqsədilə bir neçə üsul tətbiq edilir. Bunlardan ən geniş yayılmışı “peoplemeter” adlanan cihazlarla aparılan ölçmələr üsuludur. Bu cihaz televizora qoşulur və onun vasitəsilə baxılan kanalların auditoriyası və mənbəyi barədə məlumatlar alınır. Belə ölçmə və təhlillər bir qayda olaraq marketinq araşdırmaları sahəsində ixtisaslaşan şirkətlər tərəfindən həyata keçirilir”.
 
Milli telekommunikasiya peykimiz vasitəsilə yayımlanan telekanallara baxanların sayı artıb: “Təqribi hesablamalara görə, təkcə Azərbaycanda bu gün bir milyondan artıq çanaq antenası “Azerspace-1” peykinə tuşlanmışdır”.
 
Hazırda “Azərspace-1” peyki üzərindən 60-dan çox yerli və xarici televiziya və radio kanalı yayımlanır: “Əhali bu kanalları tam ödənişsiz olaraq izləyə bilərlər. Bunların 51-i televiziya, 13-ü isə radio kanalıdır”.
 
 
Qeyd edək bir müddət öncə Azərbaycan mətbuatında Ukraynanın bir neçə TV kanalını “Azərspace” üzərindən yayımlamaq niyyətində olması ilə bağlı informasiyalar yayılmışdı. "Azərkosmos"dan sözügedən məlumatlarla bağlı da rəsmi mövqe açıqlanıb: “Hazırda Ukraynanın bir kanalı “Azerspace-1” peyki vasitəsilə yayımlanır”.
 
Seymur Qasımbəyli




22/02/14    Çap et