Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft”un yeni rəhbəri “Nokia”nın keçmiş direktoruna oyuncaqlarla məşğul olmağı tapşırdı


"Nokia"nın keçmiş baş direktoru Stiven Elop "Microsoft" şirkətində "Xbox" oyun konsolu, "Surface" planşetinin inkişafı ilə məşğul olan bölməyə rəhbərlik edəcək.
 
Bundan əvvəl top-menecer "Windows" istehsalçısının yeni rəhbəri postuna iddiaçılardan biri olub, ancaq nəticədə bu vəzifəyə Satya Nadella sahiblənib.
 
"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, Elop vaxtilə "Microsoft"un əməkdaşı olub. Belə ki, o,  2008-2010-cu illərdə  "Office" ofis paketinin marketinq işlərinə cavabdeh olub. 2010-cu ilin sentyabrında cənab Elop, "Nokia"nın baş direktoru vəzifəsinə təyin edilib. Elopun rəhbərliyi altında Finlandiya şirkəti "Symbian" platformasından imtina edərək "Windows Phone" sistemindən istifadəyə keçib.
 
 Lakin bu qərar da istehsalçının vəziyyətini yaxşılaşdırmayıb. Əksinə, şirkətin  smartfon bazarında  payı azalmağa davam edib.
 
Məlumat üçün bildirək ki, 2013-cü ilin payızında "Microsoft" korporasiyası "Nokia"nın mobil biznesini 5.44 milyard dollara satın alıb.
 
Emil Hüseynov
 




26/02/14    Çap et