Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

App Store-a "selfie" proqram bölməsi əlavə edilib



"Sharing Selfies" istifadəçilərə ənənəvi olaraq öz şəkillərini çəkmək və dostları ilə paylaşmaq imkanı verən proqram toplusudur

"Apple" şirkəti App Store onlayn-mağazasına fotoçəkiliş üçün "selfie" mobil proqramı bölməsini əlavə edib. "Selfie" sözü smartfon və ya veb-kameranın köməyilə istifadəçinin özü tərəfindən çəkilən və sosial şəbəkələrdə yerləşdirilən fotoşəkil mənasını verir. Bu neologizm “Oksford” lüğətinin versiyasına əsasən, 2013-cü ildə ilk dəfə rəsmi olaraq tanınıb. Lüğətin redaktorları müəyyən ediblər ki, bir il ərzində ingilis dilində selfie sözündən istifadə tezliyi 17000% artıb.

“ICTnews” elektron xəbər xidməti “ict.az” saytına istinadən bildirir ki, "Sharing Selfies" bölməsi "Featured" menyusunda yer alıb. Bu bölmə hələ ki, ABŞ və ya Böyük Britaniyada qeydə alınmış App Store hesabından istifadə üçün aktivdir. "Sharing Selfies"-də istifadəçilərin öz şəkillərini çəkərək dostları ilə paylaşa biləcəkləri Close-up daily selfies, Snapchat, Frontback, Facetune, Everyday və Picr kimi proqramlardan istifadə mümkündür.

"Selfie" sözünün məşhurluğu bu il "Oskar" mükafatının təqdimat mərasimində bir daha təsdiqlənib. Twitter-də aktyorların şəkilləri ən məşhur tvit olub. Belə ki, bir saat ərzində şəkillərə təxminən, 2 milyon istifadəçi şərh yazıb. Hazırda retvitlərin ümumi sayı isə 3,4 milyon təşkil edir. "Selfi"ni öz hesabında mərasimin aparıcısı Ellen Dedceneres yerləşdirib. Onunla birlikdə mobil telefonla çəkilmiş şəkillərdə Ancelina Coli, Bred Pit, Meril Strip, Bredli Kuper və digər dünya şöhrətli aktyorlar yer alıblar.

Emil Hüseynov




17/03/14    Çap et