Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa İttifaqının rouminq xidmətlərinin ləğvi ilə bağlı qərarı Azərbaycanla qarşılıqlı hesablaşmalara təsir göstərməyəcək


Avropa Parlamentinin Avropa İttifaqı (Aİ) ölkələrində mobil telefonlardan edilən zənglərə görə rouminq xidmətinin ləğv edilməsi barədə qərarı Azərbaycanda fəaliyyət göstərən mobil  operatorların Aİ ölkələri ilə hesablaşmalarına heç bir təsir göstərməyəcək.

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Tənzimləmə şöbəsinin müdiri Əliyar Təmirovun "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, Azərbaycan mobil rabitə operatorları Avropa İttifaqı ölkələri ilə mövcud olan müqavilələr əsasında hesablaşmalar aparırlar.

"Bu, Avropa İttifaqına üzv olan ölkələrə aid edildiyinə görə  Aİ ölkələrinin daxili istifadəsi üçün qəbul edilmiş qərardır və Azərbaycanla Avropa arasında edilən zənglərə aidiyyəti yoxdur", - deyə o bildirib.  
Ə. Təmirovun sözlərinə əsasən, MDB məkanında  rouminq tariflərinin endirilməsi ilə bağlı bir neçə ildir ki, danışıqlar aparılır, lakin bu danışıqlar çərçivəsində bu günədək rouminq tariflərinin ləğv edilməsi ilə bağlı təklif səslənməyib.

Xatırladaq ki, Avropa İttifaqının bu qərarı 2015-ci ilin dekabr ayından etibarən qüvvəyə minəcək, gələcəkdə isə mobil şəbəkələrdə internetə qoşulmaq üçün ödənilən tarifin də ləğv edilməsi müzakirə edilir.

Aynur Vəliyeva




04/04/14    Çap et