Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dövlət Komitəsinin nümayəndələri müasir statistik veb-sayt və məlumat bazaları üzrə müzakirələrdə iştirak ediblər


Belarus Respublikasının Minsk şəhərində Avropa İttifaqının Statistika İdarəsinin təşkilatçılığı ilə "Statistik məlumatların istifadəçilər üçün əlverişli formada yayılması" mövzusunda təlim kursu keçirilib.

Azərbaycan Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, kursda Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Tacikistan, Türkmənistan, Ukrayna və Ermənistan milli statistika qurumlarının mütəxəssislərindən ibarət olmaqla 26 nümayəndə iştirak edib.
Təlim kursunda DSK-ni Məlumatların yayılması şöbəsi müdirinin müavini-mətbuat katibi S.Süleymanova, müdir müavini L.Kərimova və sektor müdiri A.Əhmədov təmsil ediblər.

Təlimin təşkilində maliyyə və texniki dəstək: məruzəçilərin təmin edilməsi, kursun məzmunu və digər məsələlərlə bağlı təchizat ADETEF təşkilatı tərəfindən göstərilib.

Təlim kursunun əsas məqsədi statistik məlumatların istifadəçilər üçün əlverişli formada yayılmasının iştirakçılara öyrədilməsindən və bu təcrübənin milli statistika qurumlarında praktiki cəhətdən həyata keçirilməsindən ibarət olub.

Ümumilikdə, 4 gün davam edən tədbirdə statistik məlumatların istifadəçilər üçün əlverişli formada yayılması, müasir statistik veb-sayt, istifadəçilər üçün nəzərdə tutulmuş cədvəl və qrafiklər, məlumat bazası mövzuları üzrə müzakirələr aparılıb.

Kursun ilk günü statistik məlumatların istifadəçilər üçün əlverişli formada yayılması və müasir statistik veb səhifə mövzuları üzrə təqdimatlar olub. Mətbu məlumatların (press relizlərin) yazılma üsulunun və həcminin təkmilləşdirilməsi, onların yazılması üçün jurnalist yanaşması üsulundan istifadə olunması, məlumatların başlıqlarını hazırlayarkən onların uzun, çox sətirli, yalnız iqtisadçılara aydın olan şəkildə verilməsindən çəkinərək başlıqların qısa və sadə şəkildə yazılmasının təmin edilməsi, mətn, cədvəl, qrafik tərkibində rəqəm şəklində verilən göstəricilərin vahidlərinin və dəyərlərinin daha anlaşılan şəkildə yazılması tövsiyə edilib.

Təlimdə iştirak edən milli statistika qurumlarının rəsmi internet səhifələri nümayiş etdirilərək onların quruluşu və dizaynı müzakirə olunub. Rəsmi internet səhifələrinin quruluşunun, xarici görünüşünun, tərkibinin, istifadəçi baxımından rahatlığının müasir dövrün tələblərinə uyğun olmasının vacibliyi xüsusilə vurğulanıb.
Milli statistika qurumlarının internet səhifələrinin təkmilləşdirilməsi və onlara marağın artırılması üçün internet səhifələrində müxtəlif kalkulyatorların (istehlak qiymətləri kalkulyatoru, insan adlarının kalkulyatoru), istifadəçilər üçün şəxsi kabinet  bölməsinin, press-relizlərə abunə olmaq üçün alətin, fiziki qüsurlu insanlar üçün xüsusi alətlərin (mətnin səslənməsi) və səhifənin mobil versiyasının hazırlanması tövsiyə olunub.
Daha sonra məlumat bazası mövzusunda müzakirələr aparılıb, məlumat bazasının "PC-Axis" proqramının üzərində qurulmasının xüsusi faydası qeyd olunub.

Kursda statistik nəşrlərin hazırlanaraq elektron şəkildə yayılmasının, məlumatların yayımı üzrə təqvimlərin veb səhifədə yerləşdirilməsinin, statistika qurumlarında məlumatların yayılması sahəsində siyasətin hazırlanmasının, KİV-lə əlaqələrin qurulmasının, mətbuat konfranslarının keçirilməsinin, istifadəçilərlə işin aparılmasının və onlar üçün təlimlərin keçirilməsinin vacibliyi qeyd olunub.
 
CAHANGİR




05/04/14    Çap et