Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Aİ sosial şəbəkələrə qoyulan qadağaları müzakirə edib


Türkiyədə sosial şəbəkələrə qoyulan qadağa dünyanın beynəlxalq təşkilatları tərəfindən birmənalı olaraq qəbul edilməyib. Rəsmi Ankaranın ölkədə keçirilən bələdiyyə seçkilərindən öncə "Twitter" və "YouTube" videopaylaşım saytına girişlərin əngəllənməsi müəyyən tənqidlərə rəvac verib. Öncə qeyd edək ki, seçkidən dərhal sonra  Ankara İdarə Məhkəməsi "Twitter" qadağası ilə bağlı verilən qərarının icrasını dayandırıb. Belə ki, Türkiyə Barolar Birliyi, Ankara Barosu, Türkiyə Jurnalistlər Cəmiyyəti, MHP bu sosial şəbəkə ilə bağlı qadağanın aradan qaldırılması üçün idarə məhkəməsinə müraciət edib.
 
Şikayət ərizələrində məhkəmə qərarının təkcə "Twitter"ə deyil, eyni zamanda bəzi linklərə istiqamətli olduğu da qeyd edilib. Bu qərardan sonra Türkiyədə "Twitter"ə giriş bərpa olunub.
 
Hətta Türkiyə məhkəməsinin bu qərarı Avropada müəyyən tənqidlərin səslənməsinin qarşısını ala bilməyib. Belə ki, Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri Türkiyənin "Twitter" və "YouTube" saytlarına qadağa qoyduğu üçün müəyyən fikirlər söyləyiblər. Onlar rəsmi Ankaranı bloka qoşulmaq üçün uzun müddətdir edilən cəhdlərini nəzərə almaqla, ifadə azadlığına hörmət etməyə çağırıblar.
 
Afinada bir araya gələn Aİ xarici işlər nazirləri son vaxtlarda "Twitter" və "YouTube" kimi saytlara girişə qadağa qoyulması məsələsini müzakirə ediblər.
 
Onlar bildiriblər ki, əgər Ankara hələ də Aİ-yə daxil olmaq arzusundadırsa, İttifaqın dəyərlərinə əməl etməlidir. Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer görüşdən sonra deyib ki, İttifaqa üzv olmaq üçün təkcə Avropa dəyərlərinə hörmət etmək kifayət deyil, onları müvafiq olaraq təcrübədən keçirmək də tələb olunur: "İnternet məlumatlarına girişə qadağa qoyulması, fikir və mətbuat azadlığının məhdudlaşdırılması ilə razılaşmaq olmaz".
 
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton isə vurğulayıb ki, "sosial media Türkiyədəki insanlar üçün mühüm rol oynayır".
 
Seymur




07/04/14    Çap et