Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“LG G3” smartfonu yayda qızılı korpusda çıxarılacaq


Mart-aprel aylarında hər bir böyük istehsalçı “Android” platforması ilə işləyən qabaqcıl smartfonunu təqdim edib. “Samsung” şirkəti “Galaxy S5”, “Sony” “Xperia Z2”, “HTC” isə “One” (M8) smartfonlarının satışlarına başlayıb. Yalnız “LG” şirkəti hələ ki 2014-cü il qabaqcıl modelini təqdim etməyib. Son şayiələrə inansaq, Cənubi Koreya şirkəti öz smartfonunu bu yaxınlarda nümayiş etdirəcək.
 
“The Verge” bloqunun əldə etdiyi məlumata əsasən, “LG” şirkətinin  növbəti “Android” lideri qızılı rəngli qutuda satılacaq. “LG G3” adlanacaq aparat 2560x1440 nöqtə (UHD) təsvir ölçüsünə malik olacaq və yayda çıxarılacaq.
 
“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “LG” şirkəti qızılı rəngli smartfon istehsal etməklə dəblə ayaqlaşıb. Belə ki, bir çox smartfon istehsalçıları qızılı rəngli modellər buraxıblar.
 
Bir neçə gün əvvəl ABŞ-ın “Sprint” provayderindən sızmış məlumata əsasən, “G3” smartfonunun başqa xarakteristikaları məlum olub. Smartfonun 5,5 düymlük ekran, 2.3 QHs takt tezlikli 8 nüvəli “Snapdragon 800” prosessoru, 3 QB əməli yaddaş, 13 meqapiksellik kamera ilə təchiz ediləcəyi güman edilir və “Android” platformasının ən yeni versiyası ilə işləyəcək.
 
Emil Hüseynov




18/04/14    Çap et