Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnnovativ metodlar əsasında işaxtaranların əmək bazarına inteqrasiyası ilə bağlı yeni mərhələ başlayır


İnnovativ metodlar əsasında işaxtaranların əmək bazarına inteqrasiyası ilə bağlı yeni mərhələ başlayır. Belə ki, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Norveçin “Syslab” şirkəti ilə əməkdaşlıqda həyata keçirilən “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsində iştirakçı seçimini elan edir.
 
Layihənin məqsədi işsiz və iş axtaran vətəndaşlar üçün innovativ metodlardan istifadə edərək onların əmək bazarına inteqrasiyasını təmin etməkdən ibarətdir. İştirakçılar iş axtarma fəaliyyətini layihə çərçivəsində yaradılan SYSLAB Sumqayıt Mərkəzində gündəlik iş rejimində, həftənin 5 günü saat 10:00-15:00 arası olmaqla həyata keçirəcəklər.
 
Layihə periodu işaxtarma bacarıqlarının inkişafı təlimləri, departamentlərdə iş, fəal iş axtarma, şəbəkənin genişləndirilməsi, əldə edilmiş nəticələrin təhlili, motivasiyanın təmin edilməsi və s. olmaqla bir neçə mərhələdən ibarətdir.
 
Layihədə iştirak müddəti maksimum 4 aydır. Mərkəzdən qeyd edilib ki, iştirakçılar iş taparkən layihəni tərk edirlər. İştirakçılara layihənin sonunda sertifikat və tövsiyə məktubları veriləcək. İştirakçılar müxtəlif yaş, ali təhsil, iş təcrübəsinə malik və ya heç bir iş təcrübəsi olmayan işsiz və iş axtaran şəxslərdən 32 nəfər olmaqla seçiləcək: “Layihədə iştirak ödənişsizdir. Maraqlanan şəxslər öz CV-lərini 31 may, 2014-cü il tarixinədək “bskenan@yahoo.com” ünvanına göndərə bilərlər. İştirakçıların seçimi müvafiq meyarlara əsasən aparılacaq. Belə ki, namizəd ali təhsilli (təhsilini bitirmiş) olmalı; motivasiyalı olmalı; layihəyə müraciət etdiyi dövrdə işsiz olmalıdır”.
 
 
Qeyd edək ki, Sumqayıt Syslab Mərkəzi Norveçin “SYSLAB” (Systems Laboratory for İnnovation) təcrübəsi əsasında təsis edilib və fəaliyyət göstərir. Təcrübədə layihədə iştirak etdikləri müddət ərzində orta hesabla iştirakçıların 80%-i iş tapmağa müvəffəq olurlar. Mərkəz il ərzində 80-100 nəfər işaxtaran şəxslərə təlim dəstəyi göstərmək və işaxtaranları əmək bazarına inteqrasiya etmək məqsədi daşıyır.
 
 
Həqiqət İSABALAYEVA




05/05/14    Çap et