Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Şahin Mustafayev AYİB-i həyata keçirdiyi layihələrdə qabaqcıl texnologiya və “know-how”-ların tətbiqinə dəvət edib


Polşanın Varşava şəhərində keçirilən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Müdirlər Şurasının XXIII İllik Toplantısı artıq başa çatıb.
 
 AYİB-in əməkdaşlıq etdiyi 60-dan çox ölkənin iqtisadiyyat, maliyyə və ticarət nazirləri, beynəlxalq maliyyə qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etdiyi tədbirdə ölkəmizi AYİB-in Müdirlər Şurasının Azərbaycan Respublikası tərəfdən müdiri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
 
 
Toplantı çərçivəsində AYİB tərəfindən Bankın 2013-cü ildə üzv ölkələrdəki fəaliyyəti barədə məlumat verilərək, ötən ildə bank tərəfindən 392 layihənin həyata keçirilməsinə 8,5 milyard avro vəsaitin yönəldiyi və bankın gəlirlərinin 1,2 milyard avro təşkil etdiyi bildirilib. Kreditlər əsasən informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, turizm, emal və xidmətlər, bələdiyyə və ətraf mühit, infrastrukturun bərpası, kiçik və orta sahibkarlığın inkişafı və maliyyə sektorlarına ayrılıb.
 
 
Azərbaycanda beynəlxalq maliyyə institutları, o cümlədən AYİB-lə əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verildiyini vurğulayan Şahin Mustafayev bankın ölkəmizdə həyata keçirilən layihələrdə iştirakını yüksək qiymətləndirib, AYİB-i özəl sektoru dəstəkləməkdə daha fəal olmağa dəvət edib, bankın fəaliyyətinin özəl səhm kapitalına investisiya və şirkətlərə birbaşa kredit vəsaitlərinin artırılması, eləcə də korporativ idarəetmə standartlarının inkişafı yolu ilə daha da genişləndirilməsini, layihələrdə qabaqcıl beynəlxalq təcrübənin, texnologiya və yeniliklərin (know-how) tətbiq olunmasını və bu fəaliyyətin "Azərbaycan-2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının prioritetlərinə uzlaşdırılmasını təklif edib.
 
 
İqtisadiyyat və Sənaye Nazirliyindən qeyd edilib ki, ötən il Azərbaycanda həyata keçirilən 17 layihənin maliyyələşdirilməsinə AYİB tərəfindən 163 milyon avro vəsait ayrılıb.
 
 
Həqiqət İSABALAYEVA




19/05/14    Çap et