Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron Təhlükəsizlik Mərkəzi uşaqların internet təhlükəsizliyi ilə bağlı valideynlər üçün təlimlərə başlayıb


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi (ETM) cəmiyyətdə informasiya təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbirlərini davam etdirir.
 
Bu məqsədlə ETM akademik Zərifə Əliyeva adına liseydə “Uşaqların internetdə təhlükəsizliyi” mövzusunda valideynlər üçün təlim keçib. Mərkəzin sektor müdiri Rəşad Əliyev və baş məsləhətçisi Aysel Hadiyeva xüsusi təqdimatlarla valideynlər qarşısında çıxış ediblər. Rəşad Əliyev mobil telefonlarda uşaqların internet təhlükəsizliyi ilə əlaqədar xüsusi təqdimatı təlim iştirakçılarının diqqətinə çatdırıb. O bildirib ki, uşaqları kibertəhlükələrdən mühafizə etmək üçün mobil təhlükəsizlik imkanlarından faydalanmaq mümkündür.
 
 
Aysel Hadiyeva isə təqdimatında uşaqların internet təhlükəsizliyi ilə bağlı valideynləri təlimatlandıran təqdimatla çıxış edərək, uşaqların qarşılaşa biləcəyi təhlükələr barədə valideynlərə məlumat verib. Eyni zamanda uşaqların kompüterdəki internet fəaliyyətini necə izləməyin yollarını praktik nümunələrlə diqqətə çatdırıb.
 
 
Mərkəzdə hesab edilir ki, valideynləri bu cür təlim və seminarlarda övladlarına qarşı daha diqqətli və həssas olmağa yönəltmək, cəmiyyətdə informasiya təhlükəsizliyi sahəsi baxımından maarifləndirmə işləri üçün geniş əhəmiyyət kəsb edir. Bu baxımdan, ETM müvafiq istiqamət üzrə təlimlərin keçirilməsini gələcəkdə də davam etdirmək niyyətindədir.
 
 
Həqiqət İSABALAYEVA




20/05/14    Çap et