Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Türkiyənin Elmi və Texnoloji Araşdırma Şurası, AMEA və CNRS arasında əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı müzakirələr aparılıb


AMEA, Türkiyənin Elmi və Texnoloji Araşdırma Şurası (TÜBİTAK) və Fransa Milli Elmi Araşdırmalar Mərkəzi (CNRS) arasında əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı müzakirələr aparılıb. Müzakirələr AMEA Rəyasət Heyətində AMEA prezidenti, akademik Akif Əlizadə, TÜBİTAK-ın Mərmərə Tədqiqatlar Mərkəzinin əməkdaşı, Dr. Mehmet Fatih və Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin tədqiqatçısı Frans Consun iştirakı ilə keçirilən görüşdə baş tutub.
 
AMEA-dan verilən məlumata görə, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və Fizika İnstitutunun direktoru, fizika-riyaziyyat üzrə elmlər doktoru Nazim Məmmədovun da iştirak etdiyi görüşdə beynəlxalq aləmdə bilik və təcrübə mübadiləsi, elmi imkanların genişləndirilməsi məqsədilə birgə seminar və konfransların təşkili istiqamətində əməkdaşlığın genişləndirilməsinin, dünya elminə inteqrasiyanın vacibliyi qeyd olunub. Azərbaycan və Avropa tədqiqat institutlarının birgə layihələrdə iştirakının məqsədəuyğun olduğu diqqətə çatdırılıb.
 
 
A.Əlizadə Fizika İnstitutu ilə yanaşı, AMEA-nın digər institut və təşkilatlarının da birgə innovativ layihələrə cəlb olunmasının önəmliyini vurğulayıb, bu kimi tədbirlərin mühüm elmi nəticələrin əldə olunmasında böyük rol oynayacağına əminliyini ifadə edib.
 
Həqiqət İSABALAYEVA




20/05/14    Çap et