Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-ın Stanford Universiteti və AMEA İdarəetmə Sistemləri İnstitutunun elmi layihələrdə birgə iştirakı müzakirə edilib


ABŞ-ın Stanford Universitetinin professoru, həmyerlimiz Raif Rüstəmovun “Həndəsi verilənlərin analizi” mövzusunda AMEA İdarəetmə Sistemləri İnstitutunda seminarı keçirilib.
 
İnstitutun direktoru Telman Əliyev və R.Rüstəmov  gələcəkdə İdarəetmə Sistemləri İnstitutu və ABŞ-ın Stanford Universiteti arasında əlaqələrin yaradılması və elmi layihələrdə birgə iştirak üçün müxtəlif məsələləri  müzakirə ediblər.
 
İnstitutdan qeyd edilib ki, seminarda Raif Rüstəmov mövzusu haqqında iştirakçılara geniş məlumat verib. 3 ölçülü obyektlərin xassələrinin riyazi alqoritmlər vasitəsilə öyrənilməsi seminar iştirakçıları arasında ciddi maraq doğurub və mövzu barəsində müəlliflə fikir mübadiləsi aparılıb.
 
 
Qeyd edək ki, Raif Rüstəmov ilk təhsilini Bakının Fizika-riyaziyyat və informatika təmayüllü liseyində alıb. O, 1995-1996-cı illərdə Azərbaycan komandasının tərkibində beynəlxalq riyaziyyat olimpiadalarında iştirak edib. Belə ki, həmin illərdə, Beynəlxalq riyaziyyat olimpiadasının gümüş, YUNECKO-nun qızıl medallarına layiq görülüb.
 
Hal-hazırda Stanford Universitetinin Kompüter elmləri fakültəsində Həndəsi hesablamalar laboratoriyasında işləyir. O, 2005-ci ildə PhD dərəcəsini Prinseton Universitetində alıb. Müxtəlif illərdə Purdu və Drev universitetlərində işləyib. Onun bir çox məqalələri reytinqli SGP, MLİNİ, SİGGRAPH konfranslarında ən yaxşı məqalə mükafatını qazanıb.
 

Həqiqət İSABALAYEVA




03/06/14    Çap et