Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

MDB ölkələrinin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının iclası keçiriləcək


Bu ay Müstəqil Dövlətlər Birliyinin üzv ölkələrinin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının iclası keçiriləcək. İyunun 24-25 tarixlərində Qazaxıstanın paytaxtı Astanada baş tutacaq tədbirdə bir sıra məsələlər diqqət mərkəzinə gətiriləcək.
 
 “ICTnews” elektron xəbər xidmətinin əldə etdiyi məlumata görə, iclasda 6 məsələ gündəliyə çıxarılacaq. Şuranın üzvləri 2014-2015-ci illərdə nəzərdə tutulan mühüm media hadisələrinin işıqlandırılmasında dövlət informasiya agentliklərinin əməkdaşlıq vəzifələrini göstərəcək, “Kazinform” agentliyinin fəaliyyəti və Belarus Respublikasının alman-faşist işğalçılardan azad edilməsinin 70 illiyinin bayram edilməsi haqqında informasiya dinləyəcəklər.
 
Birliyin Minskdəki İcraiyyə Komitəsinin mətbuat xidmətindən bildirilib ki, iclas iştirakçıları MDB ölkələrinin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurası və Milli İnformasiya Agentlikləri Assosiasiyası çərçivəsində birgə layihələrə dair mövzuları müzakirə edəcək, bir sıra digər məsələləri nəzərdən keçirəcəklər.
Qeyd edək ki, 1995-ci ildə yaradılmış Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının tərkibinə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan və Ermənistanın milli agentlikləri daxildirlər.
 
MDB İnformasiya Şurasının fəal dəstəyi sayəsində 1998-ci ildən başlayaraq müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda ümumdünya rus mətbuatı konqresləri keçirilir.
 
SEYMUR




23/06/14    Çap et