Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

BSA hesabatına görə, Azərbaycanda pirat proqram təminatının istifadəsi azalıb


Azərbaycanda son iki il ərzində pirat proqram təminatının istifadəsi  azalıb.
“ICTnews” xəbər xidmətinin BSA hesabatına əsasən verdiyi məlumata görə, 2007-2013-cü illəri əhatə edən hesabatda bildirilib ki, Azərbaycanda 2013-cü ilin nəticələrinə əsasən,  pirat proqram təminatının istifadəsi  2011-ci ilə nisbətən  2% azalaraq 85% təşkil edib. 2007-ci ildə bu göstərici 92%, 2009-cu ildə 88% təşkil edib.

Bununla yanaşı, ölkədə 2013-cü ilin nəticələrinə əsasən, kompüterlərə tətbiq edilmiş lisenziyasız proqram təminatının kommersiya dəyəri 35%-dək artaraq 103 milyon dollar təşkil edib. 2007-ci ildə bu göstərici 50 milyon dollar, 2009-cu ildə 52 milyon dollar, 2011-ci ildə isə 67 milyon dollar təşkil edib.
Sevindirici haldır ki, Azərbaycanda  lisenziyasız proqram təminatından istifadə edənlər Belarus (86%), Ermənistan (86%), Gürcüstan (90%) və  Moldovadan (90%) azdır.

Ümumilikdə hesabat dövründə dünya üzrə lisenziyasız proqram təminatının bazar payı orta hesabla 43%, pirat proqram təminatının istifadəsindən dəyən ziyanın dəyəri isə 62 milyard 709 milyon dollar təşkil edib.
Hesabatda bildirilir ki, lisenziyasız proqram təminatının istifadəsinin əsas təhlükəsi kimi istifadəçilərin 64%-i hakerlərin sanksiyalaşdırılmamış müdaxiləsini, 59%-i isə məlumat itkisini əsas götürür.
 
Aynur Vəliyeva




24/06/14    Çap et