Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İstedadların hazırlığı laboratoriyası”nın onlayn olimpiada turlarında bu il 900-dən artıq gənc iştirak edib


Ölkənin gənc intellektual qüvvəsini aşkar edən, onlar  arasında sağlam rəqabət və elmi ünsiyyət mühitini yaradan, təhsil və elm sahəsində nailiyyətlər əldə etmək imkanlarını artıran "İstedadların hazırlığı laboratoriyası" layihəsinin qaliblərini mükafatlandırma mərasimi keçirilib.

4404 iştirakçının qeydiyyatdan keçdiyi, ümumilikdə 2014-cü il ərzində 900 nəfərdən çox gəncin onlayn olimpiada turlarında iştirak etdiyi yarışın nəticəsində 146 nəfər olimpiadanın yarımfinal turuna vəsiqə qazanıb. Layihə hazırda bir sıra mərhələlərdən ibarətdir.
 
Buraya iştirakçıların məlumatlandırılması və könüllü qeydiyyatı;  3 fənn – riyaziyyat, fizika və kimya üzrə bir neçə onlayn sınaqların keçirilməsi; qaliblərin yarımfinal və final yarışması; qiymətləndirmə və istedadlıların distant təhsilə cəlb edilməsi, ildə 4 dəfə tətil boyu təlim məktəblərinin keçirilməsi daxildir. Layihə Azərbaycanın 3 nəsil "intellekt daşıyıcılarını" bir araya gətirir: 1) alimləri – onlar tapşırıqları tərtib edir, mühazirələr oxuyur, 2) tələbə və aspirantlar – onlar olimpiadaların keçirilməsində iştirak edir və 3) gənc intellektualları - olimpiadaların iştirakçılarını. Beləliklə, "İstedadların hazırlığı laboratoriyası" Azərbaycan elminin və yüksək texnologiya sahələri üçün gələcək potensialı formalaşdırır.
 
Layihə yeniyetmələr arasında dəqiq və təbii elmləri, eləcə də texniki sahələri təbliğ edir, onlara marağı artırır, bu sahələrdə biliklərin əldə edilməsi üçün motivasiya, stimul və şərait yaradır. Bu məqsədlə İKT vasitəsilə yeniyetmələrin ən geniş kütləsi bilik yarışmasına cəlb edilir, yüksək nəticələr qiymətləndirilir, onların müəllifləri cəmiyyətdə təbliğ edilir, geniş və şəffaf rəqabət mühiti yaradılır. 
 
Yüksək bilik və elmə həvəs göstərənlər distant təhsilə cəlb edilir. "İstedadların hazırlığı laboratoriyası"  təcrübi xarakter daşıyır və bu sahədə bütövlüklə yeni milli modeldir. Qoyduğu məqsədlərə, istifadə etdikləri fərqli mexanizmlərə, birləşdirdiyi mütəxəssis və peşəkarların tərkibinə görə, eləcə də əsasən İKT vasitəsilə həyata keçirildiyinə görə bu layihə unikaldır.  Keçirilən sınaqlar (onlayn olimpiadalar) yeniyetmələrin bu və ya digər fənn üzrə biliklərini yox, qeyri-standart düşünmə bacarıqlarını, orijinal məsələlərin həlli üçün məntiqin inkişafını qiymətləndirməyə imkan verir.
 
 
Qeyd edək ki, "İstedadların hazırlığı laboratoriyası" layihəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.3.6 yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə həyata keçirilir. Layihə geniş məqsədli və uzunmüddətlidir. İlk dəfə o, 2013-cü ildə həyata keçirilib. Bu il "İstedadların hazırlığı laboratoriyası" layihəsinin artıq ikinci mövsümü baş tutub. 
 
 
 
Həqiqət İSABALAYEVA




25/06/14    Çap et