Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İT şirkətləri “Əşyalar interneti” standartlarının hazırlanması üçün birlik yaradıblar


“Intel”, “Samsung Electronics”, “Dell”, “Broadcom” və digər İT şirkətləri məqsədi “Əşyalar interneti” (Internet of Things, IoT) üçün standartların hazırlanmasından ibarət olan “Open Interconnect Consortium” adlı qeyri-kommersiya birliyi yaradıblar.

Vahid standartlar müxtəlif istehsalçıların qurğularına bir-birinə informasiyanı ötürməyə imkan verəcək, bu isə “Əşyalar interneti” ideyasını daha effektiv edəcək. “Open Interconnect Consortium” fəaliyyətinə məişət və ofis texnikası sahəsində məhsulların hazırlanmasından başlayacaq. Birlik cari ilin üçüncü rübündə açıq proqram təminatı yaratmağı planlaşdırır.

“Əşyalar interneti” dedikdə internetə qoşulan və informasiyanı digər qurğulara və istifadəçilərə ötürə bilən texnika başa düşülür. Buna misal kimi sahibinə hansı məhsulların tezliklə xarab olacağı və qalan ərzaqlardan bişirilməsi mümkün olan yeməklər barədə məlumat verən soyuducunu, mənzildə temperaturu sakinlərin arzusuna uyğun tənzimləyən termostatı, elektrik sərfiyyatına nəzarət edən lampanı qeyd etmək olar.

Qeyd edək ki, 2014-cü ilin əvvəlində “Open Interconnect Consortium” birliyinin analoqu və “Linux”, “Qualcomm”, “LG”, “Sharp”, “Panasonic” və daha 50 şirkətin daxil olduğu “AllSeen Alliance” konsorsiumu təsis edilib. Ötən il konsorsiuma “Microsoft” korporasiyası da qoşulub. “AllSeen Alliance” “Qualcomm” şirkəti tərəfindən yaradılan “AllJoyn” açıq proqram təminatına malikdir, - “theRunet www.therunet.com” yazır.  





08/07/14    Çap et