Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Naxtel” şəbəkəsində sms xidməti işə salınıb


“Naxtel” mobil operatorunun Naxçıvan Muxtar Respublikasında şəbəkədaxili və şəbəkədənkənar sms qəbulunu və göndərilməsini həyata keçirən sms xidməti yaradılıb. Bundan əlavə, “Naxtel”in toplu sms xidməti mərkəzi də fəaliyyətə başlayıb.
 
“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə, bu barədə Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi məlumat yayıb.
 
Məlumatda həmçinin qeyd olunur ki, “Naxtel” simsiz rabitə şəbəkəsinin əhatəsinin genişləndirilməsi məqsədilə 5 yeni baza stansiyası qurulub, simsiz internetin sürətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi məqsədilə Naxçıvan şəhərində “Naxtel” şəbəkəsi üzərindən EV-DO texnologiyası əsasında hər bir abunəçiyə 3.1 mb/s sürətində internet xidməti təşkil edilib.
 
Qeyd edək ki, 2007-ci ilin mart ayından etibarən muxtar respublika ərazisində fəaliyyətə başlayan “Naxtel” CDMA simsiz rabitə texnologiyasına əsaslanan simsiz mobil operatordur. “Naxtel” operatoru hazırda 27 baza stansiyası ilə muxtar respublikanın yaşayış ərazilərinin 85 faizini əhatə edir, həmçinin əhatə dairəsində simsiz internet xidməti göstərir. “Naxtel” şəbəkəsi çoxfunksiyalıdır, mobil telefonlarla yanaşı, stasionar telefon xidmətlərini də həyata keçirir.
 
CAHANGİR
 




16/07/14    Çap et