Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın neft-qaz sektorunda innovasiyaların tətbiqi daha da genişləndiriləcək


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Nanotexnologiyalar” Departamentində Azərbaycan Milli Elmlər Akademiyasının alim və mütəxəssisləri ilə innovasiyaların tətbiqi sahəsində əməkdaşlıq imkanları mövzusunda görüş keçirilib.
 
Şirkətdən verilən məlumata görə, görüşdə AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İnnovasiya şöbəsinin rəhbəri, fəlsəfə doktoru Vüqar Babayev neft-kimya, neft-qazçıxarma və neft maşınqayırmada müasir texnologiyaların işlənməsi və tətbiqi istiqamətində akademiyada görülən işlərdən danışıb, bu sahədə ARDNŞ-də həyata keçirilən tədbirləri, xüsusən nanotexnologiyaların neft sənayesində tətbiqini yüksək dəyərləndirib. Qeyd olunan sektorlarda innovasiyaların geniş tətbiqini nəzərə alaraq, bu istiqamətdə innovativ ideyaların və təşəbbüslərin birgə dəstəklənməsi, prioritet istiqamətlərin müəyyənləşdirilməsi, potensial innovativ layihələrin işlənilməsi, tətbiqi və kommersiyalaşdırılmasında ikitərəfli əməkdaşlığın baza prinsiplərinə dair razılıq əldə edilib.
 
Görüşdə Azərbaycanda innovasiyaların tətbiqi sahəsində üçüncü tərəf olaraq beynəlxalq qurumlar və özəl şirkətlərin iştirakı haqqında fikir mübadiləsi aparılıb. Neft-qaz sənayesində mövcud problemlərin həlli istiqamətində yeni nanosistemlərin işlənilməsi və tətbiqi ilə əlaqədar AMEA-nın müvafiq institutlarının imkanları müzakirə edilib, gələcəkdə bu yönümdə elmi tədqiqat mövzu işlərinin qoyulması məsələsinə baxılıb.
 
CAHANGİR
                                
                          




17/07/14    Çap et