Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Qobustan 2020” layihəsi üzrə “Smart şəbəkə” sistemi qurulacaq


Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABEMDA) tərəfindən pilot layihə şəklində həyata keçirilən "Qobustan 2020" çərçivəsində "Ağıllı şəbəkə" sistemi qurulacaq.
 
 Enerji itkisini azaltmağa yönələn sözügedən sistem eyni zamanda istehlakçılara daha keyfiyyətli elektrik enerjisini ötürmək məqsədi daşıyır. Agentlikdən qeyd edilib ki, smart şəbəkə sistemlərindən istifadə qəza zamanı bütün ərazinin deyil, yalnız qəzalı yerin elektrik enerji təchizatının dayandırılmasına imkan verir.
 
 Ümumiyyətlə, bərpa olunan enerji mənbələri Azərbaycana gələcək inkişafda yeni mərhələyə çatmaqda kömək edəcək. Bu baxımdan mütəxəssislər dayanıqlı inkişafa təkan vermək üçün alternativ enerji mənbələrinin araşdırılmasını tövsiyə edirlər. Həyata keçirilən layihə də ölkəmizdə 2020-ci ilə qədər bərpa olunan və alternativ enerji mənbələrinin payını ümumi enerji istehsalının 20 faizinə çatdırmaq məqsədi daşıyır:
 
"Azərbaycanda bərpa olunan enerji mənbələrinin işlənməsi üçün əlverişli təbii şərait mövcuddur. Hər şeydən əvvəl, xüsusilə Abşeron yarımadasında külək enerjisi üçün yüksək potensial mövcuddur. Küləyin sürəti il boyu 3-7 m/san arasında dəyişir ki, bu da külək generatorları üçün mükəmməl hesab edilir".
 
Agentliyin araşdırmalarına görə, ölkəmizdə 260-280 günəşli günlə günəş enerjisindən istifadə kifayət qədər faydalı hesab edilir:
 
"ABEMDA alternativ və bərpa olunan enerji mənbələri üzrə təcrübi hibrid poliqonunu da inkişaf etdirib. Həmin poliqon 5.5 MVt enerji istehsal edəcək və Qobustan şəhərinin elektrik enerjisini təchiz edəcək, enerjinin 2.7 MVt-ı külək qurğuları, 1.8 MVt-ı günəş stansiyaları və 1.1 MVt-ı bio-qaz stansiyaları tərəfindən istehsal ediləcək. Burada gücü 0.9 MVt olan üç külək turbini, gücü 1.8 MVt olan günəş enerjisi qurğusu və gücü 1 MVt olan bio-enerji qurğusu quraşdırılıb. Perspektivdə günəş enerjisi qurğularının gücü 5.5 MVt-a qədər artırılacaq. Ümumiyyətlə, günəş elektrik qurğusunun gücü və bio-qazdan istifadə artırılacaq".
 
 
Ümumilikdə layihə bərpa olunan enerjinin yaradılması, yalnız Azərbaycan üçün deyil, bütün region üçün işlək nümunənin yaradılması, Müstəqil Dispetçer Mərkəzi və smart şəbəkə sistemlərindən istifadənin genişləndirilməsi, bərpa olunan enerji sahəsində yeni texnologiyalar və yeni avadanlıq növlərinin sınaqdan keçirilməsi, həmçinin tələbələr və əhalinin iş metodları və bərpa olunan enerji texnologiyalarından istifadə ilə tanış edilməsi kimi məqsədləri ehtiva edir.
 
 
 
Həqiqət İSABALAYEVA




17/07/14    Çap et