Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ölkədə texnoparkların yaradılması işləri davam etdiriləcək


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyində geniş kollegiya iclası keçirilib.
 
 İclasda iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev 2014-cü ilin I yarısında qazanılmış sosial-iqtisadi nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumat verərək bildirib ki, Nazirlər Kabinetinin iclasında Azərbaycan Respublikasının Prezidenti proqram xarakterli çıxışında əldə edilmiş uğurların daha da möhkəmləndirilməsi üçün gələcək inkişafın əsas prioritetlərini müəyyənləşdirib və hər bir sahə üzrə konkret tapşırıqlar verib. Belə ki, dövlət başçısı makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın şaxələndirilməsinin və qeyri-neft sektorunun inkişafının davam etdirilməsi, investisiya qoyuluşunun hazırkı tempinin saxlanılması və s. barədə tapşırıqlar verib.
 
 
2014-cü ilin "Sənaye ili" elan edilməsini ölkəmizdə bu sahəyə verilən böyük önəmin göstəricisi və Azərbaycanda sənayeləşmə prosesinin keyfiyyətcə yeni mərhələsinin başlanğıcı olduğunu qeyd edən Şahin Mustafayev Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev tərəfindən sənayenin inkişafı, o cümlədən sənaye klasterlərinin və sənaye məhəllələrinin yaradılması, sənaye istehsalının artırılmasına investisiyaların yönəldilməsi, texnoparkların yaradılması işlərinin davam etdirilməsi istiqamətində tapşırıqlar verildiyini vurğulayıb.
 
 
Kollegiyanın sədri Şahin Mustafayev dövlət başçısının Azərbaycanın bütün sahələrdə inkişafının istiqamətlərinin müəyyənləşdiyi çıxışından irəli gələn vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib.
İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən İqtisadiyyat və Sənaye Nazirliyi qarşısında qoyulmuş vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb.
 
 
SEYMUR
 




17/07/14    Çap et