Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ “Tor” anonim şəbəkəsinə xərcləri 47 faiz artırıb


İnternet istifadəçilərinə olduqları yeri gizlətməyə imkan verən “Tor” proqram təminatının hazırlanması ilə məşğul olan "The Tor Project” şirkəti ABŞ büdcəsindən öz ehtiyacı üçün xərcləri 47 faiz artırıb. Bu barədə şirkətin 2013-cü il üçün dərc edilən maliyyə hesabatında deyilir.

Ötən il “Tor Project” hökumət tərəfindən 2012-ci ilin 1,24 milyon dollarına nisbətdə 1,82 milyon dollar məbləğində qrant alıb.  

Bu məbləğin 882,3 min dolları ABŞ Dövlət Departamenti, 830,3 min dolları ABŞ Müdafiə Nazirliyi, 100,3 min dolları ABŞ hökuməti yanında Milli Elm Fondu, 10 min dolları ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən ayrılıb.  

2012-ci ildə əsas maliyyələşmə mənbəyi Müdafiə Nazirliyi (876,1 min dollar) olub, Dövlət Departamenti 353,6 min dollar ayırıb. Beləliklə, 2013-cü ildə Dövlət Departamenti “Tor” şəbəkəsinə xərcləri 2,5 dəfə artırıb. 2012-ci ildə layihənin maliyyələşməsinin 60 faizi ümumilikdə ABŞ federal hakimiyyətinin payına düşüb.
Qeyd edək ki, “Tor” şəbəkəsinin iş prinsipi internet resursundan istifadə kompüterinə dolaşıq marşrutun çəkilməsindən ibarətdir. Marşrut boyunca informasiya bir neçə retranslyatordan keçir. Bu halda hər retranslyatorda yalnız əvvəlki və sonrakı qovşağın ünvanı olur. Retranslyatorların heç birində marşrut haqqında informasiya yer almır və bununla məlumatı ələ keçirmək istəyən şəxs məlumatların ötürülməsinin çıxış və sonuncu məntəqələrini izləyə bilmir.

“Tor” layihəsi 1990-cı illərdə ABŞ Hərbi Dəniz Qüvvələrinin elmi tədqiqat laboratoriyası tərəfindən dövlət rabitə kanallarının mühafizəsi texnologiyasının hazırlanması məqsədilə istifadəyə verilib. 2001-ci ildə Massaçusets Texnoloji İnstitutunun iki tələbəsinin səyləri nəticəsində vətəndaşlar texnologiyadan yararlanmağa başlayıb. 2005-ci ildə ABŞ hökuməti layihəyə ilk qrant ayıraraq texnologiyanın daha geniş kütlə arasında yayılmasına çalışıb. 2006-cı ildən layihə qeyri-kommersiya təşkilatına çevrilib, - "CNews www.cnews.ru” yazır.




31/07/14    Çap et