Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron hökumət” portalı mobil nömrələrin sənədləşdirilməsi zamanı yaranan problemləri aradan qaldıracaq


Hazırda mobil nömrələrin satışı və sənədləşdirilməsi prosesi pərakəndə şəkildə aparıldığından və yeni satılan nömrələrin sənədləşməsi zamanı abunəçiyə aid məlumatlar sistemə əl ilə daxil edildiyindən tez-tez qeyri-dəqiqliyə yol verilir və vətəndaşların şəxsiyyət vəsiqələrindəki məlumatlarla mobil operatorların abunəçi bazalarındakı məlumatlar arasında uyğunsuzluqlar yaranır. Bu isə hüquq-mühafizə orqanlarının işində, müxtəlif sənədləşmələrin aparılmasında və s. bir sıra problemlərə gətirib çıxarır.
 
Qeyd olunan problemin birdəfəlik həll edilməsi məqsədilə yeni satılan mobil nömrələrin düzgün sənədləşdirilməsi üçün mobil operatorlara mərkəzləşmiş qaydada “Elektron hökumət” portalı üzərindən müvafiq servisin verilməsi və yeni nömrələrin sənədləşdirilməsi prosesinin həmin servis vasitəsilə aparılması məqsədəuyğun hesab olunub.
 
Bu məqsədlə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində (MHM) hər üç mobil operatorun nümayəndələri ilə birgə görüş keçirilib və qeyd olunan məsələnin detalları müzakirə edilib.
 
Mərkəzdən verilən məlumata görə, ilkin olaraq müqavilə layihəsinin və Texniki Şərtlərin qısa müddətdə hazırlanması və birgə razılaşdırılması qərara alınıb.
 
Layihə istismara verildikdən sonra abunəçinin şəxsiyyət vəsiqəsinin nömrəsi və FİN kodu kompüterə daxil ediləcək və abunəçi barədə məlumatlar Daxili İşlər Nazirliyinin məlumat bazasından avtomatik olaraq yoxlanılacaq. Portala daxilolma elektron imza vasitəsilə mümkün olduğundan, nömrələrin sistemə işlənməsi zamanı əməliyyatçının identifikasiyası, vətəndaşın pasport məlumatlarının Daxili İşlər Nazirliyinin məlumat bazasına daxil olaraq onlayn rejimdə yoxlanılması mümkün olacaq.
 
Nəticədə mobil abunəçi bazaları ilk andan düzgün formalaşdırılacaq, məlumatların bir dəfə daxil edilməsi prinsipi gözləniləcək, əməliyyatlar onlayn olaraq aidiyyəti dövlət qurumlarının serverlərində öz əksini tapacaqdır ki, aktivləşən mobil telefon nömrəsi informasiya sistemlərində həmin anda əks olunacaq. 
 
Eyni zamanda mobil operatorların abunəçi bazalarının dəqiq formalaşması bir sıra sənədləşmə (bank, alqı-satqı və s.) prosesləri zamanı yaranan problemləri aradan qaldırmış və interaktiv SMS xidmətlərin inkişafına daha da rəvac vermiş olacaq.

CAHANGİR




05/08/14    Çap et