Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnformasiya texnologiyalarının gənclər arasında daha geniş yayılması üçün layihələr həyata keçirilir


Gənclər və İdman Nazirliyi gənclərimizin intellektual, mədəni inkişafı üçün nəzərdə tutulan layihələrin dəstəklənməsində, davamlı olmasında maraqlıdır.
 
 "ICTnews" elektron xəbər xidmətinə adıçəkilən nazirlikdən verilən məlumata görə, ötən müddət ərzində istedadlı gənclərlə iş sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi üçün mühüm işlər görülüb:
 
“Müasir gənclərin intellektual səviyyəsinin yüksəlməsi istiqamətində nazirlik tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Gənc alimlərin, intellektual klubların, şən və hazırcavablar klubları komandalarının müxtəlif beynəlxalq tədbirlərdə iştirakı təmin olunur.  Ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"ya əsasən gənc alimlərin elmi fəaliyyətinin stimullaşdırılması və onların fundamental elmi tədqiqat işlərinin səmərəli aparılması, yaradıcılıq potensialının artırılması istiqamətində tədbirlər görülür.
 
Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadası, MDB-nin iştirakçısı olan dövlətlərdən ali məktəb tələbələri arasında "İdeya var" elmi yaradıcılıq müsabiqə festivalı, gənc alimlərin I və II respublika innovativ ideya yarmarkaları, "Gənclər və ekoloji inkişaf uğrunda" Beynəlxalq Bakı elmi-praktik konfransı, "Avropa məkanında yeni çağırışlar: gənc alimlərin Beynəlxalq Bakı Forumu", Dünya Gənc Alimlərinin Beynəlxalq Bakı Forumunu qeyd etmək olar. Gənc alimlərin elmi əsərlərinin, məqalələrinin toplusu müntəzəm olaraq nəşr edilir. Bunlarla yanaşı, Gənclər və İdman Nazirliyi tərəfindən gənc alimlərin beynəlxalq konfrans, simpozium, seminarlarda məruzəçi və təqdimatçı qismində iştirakı daim dəstəklənir”.
 
 
İnformasiya texnologiyalarının gənclər arasında daha geniş yayılması nazirlik tərəfindən  kompüter oyunlarının, həmçinin müasir texnologiyalardan istifadə etməklə digər yarışların keçirilməsinə diqqət artırılıb. Qalib komandaların kompüter oyunları üzrə dünya çempionatlarında iştirakı təmin edilib: “Müasir texnologiyalar vasitəsilə gənclər arasında Azərbaycan həqiqətlərini təbliğ etmək məqsədilə 2012-ci ildə ilk milli kompüter oyunları - "İşğal altında: Şuşa", "İşğal altında: Ağdam" hazırlanıb gənclərin istifadəsinə verilib”.
 
 
SEYMUR




06/08/14    Çap et