Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ilk saytı


1989-cu ilin martında Avropa Nüvə Tədqiqatları Təşkilatının (CERN) əməkdaşı, britaniyalı fizik Tim Berners-Li informasiyanın idarə edilməsi üçün təklif yazaraq hipermətndən istifadə ilə onun internet üzərindən asan göndərilməsini təsvir edib. Belçikalı sistem mühəndisi Robert Kayo gələn il Tim Berners-Linin layihəsinə qoşulub.
 
İdeya fərdi kompüterlərdə hipermətni internetlə birləşdirməklə vahid informasiya şəbəkəsi yaratmaqdan ibarət olub. Sözügedən şəbəkə "CERN"-də fiziklər arasında informasiya mübadiləsini təmin etmək üçün lazım idi. İlk proqramlar "NeXT" kompüterində yaradılıb.
 
Tim Berners-Li veb-səhifələrin yaradılması və onlara baxış üçün brauzer redaktor yaradıb. Onlar brauzer redaktoru 1990-cı ilin mayında "World Wide Web" (Ümumdünya Hörümçək Toru) adlandırıblar.
 
Dünyada ilk veb-saytın ünvanı “info.cern.ch” olub.
 
Bu sayt, həmçinin dünyada ilk internet kataloqdur: burada başqa saytlara istinadların siyahısı yerləşdirilmişdi.
 
1991-ci ilin yazında istənilən kompüter və ya terminalda işləyən universal brauzerin sınaqlarına başlanılıb. Brauzer “maus” və qrafikanı dəstəkləmirdi, yalnız mətn göstərilib.
 
 Azərbaycanda ilk veb-sayt  - “science.gov.az” 1995-ci ildə yaradılıb.
 
Emil Hüseynov




06/08/14    Çap et