Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

VÖEN-i internet üzərindən necə dondurmaq olar?


Azərbaycanda elektron hökümətin inkişaf etdirilməsi məsafə və “yaşayış yeri” məfhumlarını aradan qaldırıb. Belə ki, bu gün vətəndaşlarımız yaşadıqları və qeydiyyatda olduqları ünvanlardan asılı olmayaraq dövlət orqanlarının təqdim etdiyi xidmətlərdən yararlana  bilərlər. Bu gün vergi xidmətlərinin əksəriyyəti elektron formada da təqdim edilir. Məsələn, bu gün istənilən vətəndaş elektron formada  VÖEN aça və dondura bilər.
 
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, sözügedən mövzu ətrafında vətəndaşlar tərəfindən tez-tez suallar yaranır. Son olaraq Gəncə şəhər sakini Kəmalə Vəliyeva müraciət edərək bildirib ki, o bir müddət öncə fiziki şəxs kimi adıçəkilən şəhərdə işləyib. Lakin hazırda təhsili ilə bağlı Bakı şəhərində məskunlaşıb və buna görə də müvəqqəti olaraq VÖEN-i təkrar fəaliyyətə başlayanadək bağlatmaq istəyir. Lakin vətəndaş Gəncəyə qayıtmaq imkanı olmadığından soruşur ki, sözügedən əməliyyatı internet üzərindən necə həyata keçirə bilər.
 
 
Sözügedən sualla əlaqədar Vergilər Nazirliyi bildirir ki, fəaliyyətinin müvəqqəti dayandırılması üçün vergi ödəyicisi tərəfindən uçotda olduğu vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış” təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Həmin ərizə forması vergi ödəyicisinin “Asan imza”sı və ya istifadəçi kodu, parol və şifrəsi olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən onlayn qaydada və yaxud kağız daşıyıcıda vergi ödəyicisinin uçotda olduğu vergi orqanına təqdim edilə bilər. Kağız daşıyıcısında ərizənin vergi orqanına təqdim edilməsi bilavasitə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə həyata keçirilir:
 
“Məlumat üçün qeyd edək ki, elektron qaydada müvafiq ərizə formasının göndərilməsi, habelə kağız daşıyıcıda olan ərizə formasının doldurulması ilə bağlı köməklik almaq üçün vergi ödəyicisinin özü və ya onun səlahiyyətli nümayəndəsi Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi 56 ünvanda yerləşən vergi ödəyicilərinə xidmət mərkəzinə yaxınlaşa bilər. Vergi orqanlarında qeydiyyat prosedurları və vergi öhdəlikləri barədə ətraflı məlumatı rəsmi internet səhifəmizin “Sahibkarın vergi bələdçisi” bölməsindən və ya Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinə və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz”.
 
SEYMUR




12/08/14    Çap et