Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda kitabxana-informasiya şəbəkəsinin inkişafı üzrə Dövlət Proqramının layihəsi müzakirə olunub


Azərbaycan Milli Kitabxanasında “Azərbaycan Respublikasında kitabxana-informasiya şəbəkəsinin inkişafı və kitabxana xidmətlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının (2015-2020-ci illlər) layihəsi” müzakirə olunub.
 
Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Quliyevin rəhbərliyi ilə aparılan müzakirədə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin məsləhətçisi Kəmalə Əliyarova, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov, Xətai rayon MKS-nin direktoru Oruc Quliyev, Yasamal rayon MKS-nin direktoru Vəfa Quliyeva, Səbail rayon MKS-nin direktor müavini Rəhilə Əliyeva, Milli Kitabxananın direktor müavini Mələkxanım Hacıyeva, elmi katib Əminə Cəfərova, Oxuculara xidmət şöbəsinin müdiri Ədibə İsmayılova, Kitabxanaların metodik təminatı şöbəsinin müdiri Adilə Abdullayeva iştirak ediblər.
 
Kitabxanadan bildirilib ki, əvvəlcə “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” nın nəticələri haqqında qısaca danışılıb. Daha sonra “Azərbaycan Respublikasında kitabxana-informasiya şəbəkəsinin inkişafı və kitabxana xidmətlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının (2015-2020-ci illlər) layihəsi” ətrafında müzakirələr aparılıb, layıhəyə təklif və iradlar bildirilib.
 
 
 Layihəyə “Məcburi nüsxə sistemi haqqında Qanun”un yazılması, “Kitabxana işi haqqında Qanun”a dəyişiklik və əlavələrin edilməsi, ölkədaxili və xarici ölkələrə kitab göndərilməsi üçün kitabxanalara 50 faiz güzəştin tətbiq edilməsi, kitabxanalara kitab alınması üçün ƏDV-nin ləğv edilməsi, kitabxanaların kitabla təchizatı sistemini qaydaya salmaq üçün Milli Kitabxananın nəzdində yeni nəşrlər evinin yaradılması, region kitabxanalarının avtomatlaşdırılması infrastrukturunun yaradılması, Milli Kitabxana üçün əlavə binanın tikilməsi, Respublika Kitabxana Şurasının yaradılması, rayon kitabxanalarına monitorinqlərin təşkili, kitabxanalar üçün texniki savadlı kadrların yetişdirilməsi, Azərbaycanı təbliğ etmək məqsədi ilə beynəlxalq sərgilərə, ayrı-ayrı cəmiyyət və institutlara kitab göndərmək üçün “Azərbaycanı tanıdaq” (şərti ad) fondunun yaradılması, Kitab Palatası üçün ayrıca binanın tikilməsi, Kitabxana Kollektorunun işinin təkmilləşdirilərək yeni əsaslar üzərində qurulması, kitab evi, kitab mərkəzinin yaradılması, yeni kitabxana binalarının tikilməsi, TV-də kitab, kitabxana ilə bağlı verilişin açılması və s. təkliflər irəli sürülüb və müzakirələr aparılıb.
 
 
 
Həqiqət İSABALAYEVA




22/08/14    Çap et