Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Barak Obamanın texnologiyalar üzrə köməkçisi vəzifəsini tərk edir


ABŞ-ın texnologiyalar üzrə baş texniki direktoru və Prezident Barak Obamanın köməkçisi Todd Park 2014-cü ilin sonunda vəzifəsini tərk etməyə hazırlaşsa da, dövlət aparatında işini davam etdirəcək. Bu barədə “Fortune” nəşri məlumat verib.

Texniki direktorun vəzifəsini tərk etməsinin səbəbi kimi yaşayış üçün ABŞ-ın digər hissəsinə - Vaşinqtondan qərb dəniz sahilinə köçmək göstərilir. T.Parkın burada – Kaliforniyada hökumətdə iş üçün İT mütəxəssislərinin axtarışı ilə məşğul olacağı gözlənilir. Onun bu sahədə təcrübəsi var. Belə ki, iki həftə əvvəl o, problemli dövlət saytları ilə iş üçün “Google” şirkətinin mühəndisi Miki Dikersonu cəlb edib.  
Ağ Ev T.Parkı əvəzləyəcək yeni mütəxəssisi “Google”, “LinkedIn”, “Twitter” və digər aparıcı texnoloji şirkətlərin rəhbərləri arasında seçməyi planlaşdırır. Namizədlərin seçilməsi barədə hələlik məlumat verilmir.  

T.Park ABŞ Prezident Administrasiyasında fəaliyyətə 2009-cu ilin avqustunda Səhiyyə və Sosial Təminat Nazirliyində baş texniki direktor vəzifəsini tutmaqla başlayıb. Onun vəzifə səlahiyyətlərinə informasiya texnologiyalarının geniş tətbiqi daxil olub.

O, ABŞ-ın texnologiyalar üzrə baş texniki direktoru vəzifəsinə 2012-ci ildə təyin edilib. T.Park bu vəzifəni tutan zaman “Obamacare” səhiyyəsində islahatların əsasını təşkil edən yeni “Healthcare.gov” portalı istifadəyə verilib.

Lakin “Healthcare.gov” portalının istifadəsi uğursuz olduğundan 2014-cü ilin aprelində səhiyyə naziri Ketli Sibelius istefaya getməli olub. İyulda ABŞ Hesablama Palatası hesabat dərc edərək “Healthcare.gov”un yaradılmasına tələblərin dəfələrlə dəyişməsi və podratçıların işində əlaqələndirilmiş fəaliyyətin olmaması səbəbindən 150 milyon dollar məbləğində büdcə vəsaitinin boşuna sərf edilməsini bəyan edib.

T.Park ABŞ-ın ikinci baş texniki direktorudur. Ondan əvvəl bu vəzifəni Barak Obama tərəfindən 2009-cu ildə təyin edilən Aneş Çopra tutub. Baş texniki direktorun əsas vəzifəsi hökumətin effektiv işi üçün texnologiyaların tətbiqindən ibarətdir.  

A.Çopra Ağ Evi ona Virciniya ştatının qubernatorunun müavini vəzifəsinə namizədliyini irəli sürmək təklif edildikdən sonra tərk edib, lakin seçkilərdə məğlub olub.

ABŞ Prezidenti Administrasiyasında baş texniki direktorla yanaşı, informasiya texnologiyaları üzrə federal direktor vəzifəsi də var. Hazırda bu vəzifəni Stiven Van Rokel tutur, - "CNews www.cnews.ru” yazır.




27/08/14    Çap et