Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Yahoo!” şirkəti “Luminate” reklam xidmətini satın alıb


ABŞ-ın “Yahoo!” şirkəti “Luminate” reklam xidmətini satın alıb. Razılaşmanın qiyməti açıqlanmayıb.
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Luminate” xidməti rəqəmli təsvirlərin üzərinə reklam yerləşdirilməsi ilə məşğul olur. Rəsmi saytda “Luminate”in nümayəndələri bu faktı təsdiq ediblər. Həmçinin bildirilib ki, startap sentyabrın 3-də işini dayandırıb. Ayın sonunadək servisin xidmətlərindən istifadə etmiş elan verənlərin “Luminate” hesablarındakı pulları geri qaytarılacaq. Sistemin bütün istifadəçilərinin hesablarına giriş yalnız oktyabrın 1-dək təmin ediləcək.
 
Belə görünür ki, “Yahoo!” öz reklam işini gücləndirmək niyyətindədir. 2014-cü ilin ikinci rübündə şirkətin reklam nümayişindən qazanılan gəliri 8% azalaraq 453 milyon dollar təşkil edib. İnternet şirkətinin direktoru Marissa Mayer deyib ki, mənfi amillərin təsirini azaltmaq üçün reklam bazarında daha sürətli işləmək lazımdır.
 
Emil Hüseynov
 




09/09/14    Çap et