Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan və İran arasında İKT sahəsində əməkdaşlıq üzrə konfrans keçirilib


Bu gün Bakıda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan və İran arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıq üzrə konfrans keçirilib.
 
 Konfransda çıxış edən Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov iki ölkə arasında inkişaf edən əməkdaşlıqdan danışaraq bildirib ki, İKT istiqamətində birgə layihələr həyata keçirmək üçün böyük imkanlar var: "Azərbaycan və İran respublikalarının prezidentlərinin görüşü və eləcə də nazirliklər arasında qarşılıqlı səfərlərin reallaşması əlaqələrin inkişafının  bariz nümunəsidir".
 
İ.Məmmədov qeyd edib ki, Azərbaycan və İran şirkətləri birgə layihələr çərçivəsində İT avadanlıqlar istehsal edə, proqram təminatları hazırlaya bilər:
 
 "Danışıqlar zamanı  birgə istehsal ediləcək avadanlıqların üçüncü ölkələrə ixrac edilməsi məsələləri də müzakirə mövzularından olub. Düşünürəm ki, bu istiqamətdə hər iki ölkənin potensialı var".
 
 
Sonra İranın rabitə və informasiya texnologiyaları nazirinin müavini Müctəba Haşimi ölkəsinin Azərbaycanla bütün sahələrdə olduğu kimi, informasiya-kommunikasiya texnologiyaları sferasında da əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayaraq qeyd edib ki, hər iki tərəfin özəl şirkətləri üçün geniş əməkdaşlıq imkanları yaranıb. Azərbaycana İranın tanınmış İKT şirkətləri ilə gəldiyini deyən nazir müavini məqsədlərinin özəl strukturlar arasında da möhkəm əlaqələrin qurulması olduğunu bildirib:
 
"Mən Azərbaycanda keçirdiyim görüşlərdən, eləcə də İranın rəsmi dairələrindən  əldə etdiyim məlumatlara əsaslanaraq deyə bilərəm ki, hər iki tərəf şirkətlərin qarşılıqlı layihələrinin reallaşdırılmasında maraqlıdır və bunun üçün lazım olan şəraitin yaradılmasına köməkliyin göstəriləcəyinə inanıram".
 
Bundan sonra hər iki ölkənin özəl şirkətləri fəaliyyətləri, xidmətləri və istehsal etdikləri məhsullar haqqında təqdimatlarla çıxış ediblər.
 
 
Seymur Qasımbəyli




25/09/14    Çap et