Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Afrika ölkələri telekommunikasiya layihələrində yerli şirkətlərin iştirakını tələb edir


Keniya və Zambiyada fəaliyyət göstərən xarici şirkətlər telekommunikasiya layihələrinin həyata keçirilməsində yerli bazarda material və işçi qüvvəsi daxil olmaqla resursların ən azı 30 faizini almalı olacaqlar. Bu, ölkələrin hökumətləri tərəfindən çıxarılan yeni qərarlara əsasən mümkün olacaq. 
 
Yeni qaydalar ilk növbədə Çin şirkətlərinə təsir göstərəcək. Çünki Afrika ölkələrinin telekommunikasiya sahəsindəki iri sazişlərin çox hissəsi bu ölkənin "Huawei Technologies” və “ZTE” şirkətlərinin payına düşür. Layihələr adətən Çin tərəfindən avadanlığın alışı və quraşdırılması üçün sazişlərin ölkənin şirkətləri ilə imzalanması şərtilə borc götürülməklə həyata keçirilir. Maliyyə resursları və ixtisaslı mütəxəssisləri çatmayan yerli şirkətlər bazarda çətinliklə özünə yer tapır. Burada korrupsiya da öz rolunu oynayır. “Huawei”, “ZTE” və “Siemens” şirkətləri artıq Afrika məmurlarına rüşvət verməkdə günahlandırılıb, bəzi hallarda isə qitə ölkələrinin məhkəmələrində təqsirli biliniblər. Keniya və Zambiya hakimiyyətinin nümayəndələri bildirirlər ki, yeni qaydalar yerli biznesin inkişafına və lokal şirkətlərə təcrübənin ötürülməsinə xidmət edəcək.
 
Hazırda Keniyada biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi və dördüncü nəsil mobil rabitə şəbəkəsinin qurulması üzrə iri dövlət layihələri həyata keçirilir, - "Compureworld” yazır.
 




03/10/14    Çap et