Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“HP” şirkətinin Azərbaycanda fəaliyyətinin 10 illiyinə həsr olunmuş tədbir keçirilib


İnformasiya texnologiyaları sahəsində dünyanın ən iri şirkətlərindən biri olan “HP”-nin (Hewlett-Packard) Azərbaycanda fəaliyyətinin 10 illiyi və bu münasibətlə yeni ofisinin açılış mərasimi keçirilib.
 
Açılış mərasimində iştirak edən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov şirkətin Azərbaycanla əməkdaşlığının çoxillik təcrübəyə əsaslandığını qeyd edərək, “HP”-nin bu müddətdə ölkəmizdə həyata keçirilən bir çox layihələrin reallaşmasında yaxından iştirak etdiyini, eyni zamanda “HP” və digər beynəlxalq şirkətlərin belə fəaliyyətinin respublikada İKT şirkətləri üçün yaradılan işgüzar mühitin təzahürü olduğunu diqqətə çatdırıb.
 
Azərbaycanda texnoloji sektorun inkişafına xüsusi önəm verildiyini, bu sahədə başlıca fəaliyyət istiqamətlərinin müəyyənləşdirildiyini də qeyd edən nazir Əli Abbasov İT şirkətlərin indiyə qədər dövlət sifarişləri üzrə layihələrin yerinə yetirilməsinə  qoşulduqlarını, “HP” kimi transmilli şirkətlərin təcrübəsinin Azərbaycan üçün vacibliyi nəzərə alınaraq, gələcək layihələr üzrə sifarişlərin icrasında da onların iştirakının təmin ediləcəyini bildirib.  
 
Texnoparkların qurulması istiqamətində ölkədə aparılan işlərdən də danışan nazir iqtisadiyyatın hərtərəfli, o cümlədən yüksək texnologiyalar əsasında sənayenin dinamik inkişafı, şaxələndirilməsinin təmin edilməsi məqsədilə  ölkə başçısının sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında imzaladığı fərmandan söz açıb.
 
 
“HP”-nin Mərkəzi-Şərqi Avropa üzrə vitse-prezidenti Herbert Rastbiçler də şirkətin ölkəmizdə 10 illik fəaliyyətinə nəzər salaraq, onun dövlət və özəl sektorla əməkdaşlıqda milli layihələrin yerinə yetirilməsində fəal iştirakından söz açıb:
 
“HP ötən müddətdə ildən-ilə inkişaf edərək, mühüm texnoloji inkişaf dövrü keçib. Bu gün şirkət korporativ sifarişçilər, kiçik və orta biznes qurumları, eləcə də fərdi istifadəçilər üçün əlverişli texnologiyaların təchizatçısına çevrilib. Şirkət 10 il ərzində Azərbaycanla uğurlu əməkdaşlıq quraraq, hazırda da “Azərpoçt”, “Azərkosmos”, Yüksək Texnologiyalar Parkı ilə bu əlaqələri davam etdirir”. Əməkdaşlıq çərçivəsində şirkətin “BakuTel” Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisinə dəstək verdiyini də qeyd edən Herbert Rastbiçler “HP”-nin ötən sərgidə kibertəhlükəsizlik sahəsində yeni məhsul və xidmətləri nümayiş etdirdiyini nəzərə çatdırıb. Şirkət rəsmisi ölkəmizlə uğurlu əməkdaşlığın davam edəcəyinə, gələcək fəaliyyətdə də qarşılıqlı töhfələrin veriləcəyinə əminliyini ifadə edib: “HP öz nümayəndələri arasında çoxmillətliliyin təmin olunduğu korporasiyalardan biridir və biz bununla fəxr edirik”.
 
 
Daha sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılmış Yüksək Texnologiyalar Parkı (“YT Park”) ilə “HP” şirkəti arasında gələcək əməkdaşlıq istiqamətləri üzrə Anlaşma Memorandumu imzalanıb.  
 
Kibertəhlükəsizlik həlləri, yeni texnologiya və innovasiyaların tətbiqini nəzərdə tutan sənədi “YT Park”ın icraçı direktoru Seymur Ağayev və “HP”-nin Azərbaycan nümayəndəliyinin rəhbəri İnara Quliyeva imzalayıb. Tədbirin sonunda nazir Əli Abbasov və digər qonaqlar şirkətin yeni ofisi ilə tanış edilib.
 
 
Həqiqət İSABALAYEVA




15/10/14    Çap et