Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada internetə qoşulmuş qurğuların sayı 33 milyarda çatacaq


“Strategy Analytics” tədqiqat şirkətinin yeni hesabatına əsasən, 2014-cü ilin sonunadək dünyada internetə çıxış imkanına malik təxminən 12 milyard qurğu istifadə olunacaq ki, bu da planetin hər bir sakini üçün 1,7 qurğu deməkdir.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, mütəxəssislərin proqnozuna görə, 2020-ci ilədək bu nisbət 4,3-dək artacaq, fərdi kompüter, smartfon, planşet, “ağıllı” televizorlar, daşınan elektronika və başqa "ağıllı" cihazlar kimi istifadə edilən internet-qurğuların ümumi sayı 33 milyarda çatacaq.
 
Analitiklərin diqqətini çəkən məsələ odur ki, internetə qoşulmuş ənənəvi qurğular (kompüter, smartfon və planşetlər) internetə çıxışa malik cihazların ümumi sayının 33%-dən az hissəsini təşkil edir. M2M-həllər, smart ev, "ağıllı" energetika sistemləri (Smart Grid) və "ağıllı" şəhərlər (Smart City) kimi yeni kateqoriyalar getdikcə populyarlaşır. Gözləntilərə əsasən, dünyada 2020-ci ilədək yeni kateqoriyalara aid 17,6 milyard internetə qoşulmuş qurğu olacaq.
 
Emil Hüseynov
 
 




16/10/14    Çap et